Bakı, 4 iyun, ARHD.AZ
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.
ARHD.AZ milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda bir neçə klubun şikayətinə baxılaraq, müvafiq qərarlar qəbul edilib.
Danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilən “Mingəçevir”in sabiq üzvü Muxtar Nəzərli ilə bağlı şikayət təmin olunmayıb.
Gənclər Liqasında çıxış edən “Kəpəz”in futbolçusu Nihad İsaqovun apellyasiya şikayəti qismən təmin edilib. “Səbail”lə matçda təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılması barədə qərar yüngülləşdirici hallar nəzərə alınmaqla dəyişdirilərək cəzanın ikisi şərti tətbiq edilib.
Bundan başqa, I Liqada XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra qonaqların məşqçisi Amid Quluzadənin hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanması, klubun isə 400 manat cərimə edilməsi barədə qərar qüvvədə saxlanılıb.
U-15 Liqasında keçirilən “Şamaxı” – “Metak” görüşündə meydana daxil olaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə 1 il müddətinə futbola aid hər hansı bir məşğuliyyətinə qadağa qoyulan ev sahibi komandanın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanovla bağlı verilmiş şikayətə baxılması əlavə sübutların toplanması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salınıb.
Həmçinin həvəskarlar liqasında “Laçın Mərkiz” və “İstiqlal” arasında keçirilən görüş zamanı futbolçuların geyimləri ilə bağlı yaranmış ziddiyyətlə əlaqədar olaraq oyun baş tutmadığı üçün hər iki komandaya xəbərdarlıq edilməsi və oyunun yenidən keçirilməsi barədə verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salınıb.