SEPAH sözçüsü Əliməhəmməd Naini ABŞ Prezidenti Donald Trampa müraciət edərək ABŞ hərbi gəmilərinin neft tankerlərini Hörmüz boğazı vasitəsilə müşayiət etməsinə hazır olduqlarını bildirib.
“ARHD.AZ” xəbər verir ki, İran dövlət mediasının məlumatına görə, SEPAH sözçüsü deyib ki, İran ABŞ hərbi qüvvələrinin tankerləri müşayiət etməsini “məmnuniyyətlə qarşılayır” və onların boğazda görünməsini gözləyir.
O bildirib ki, amerikalılar qərar verməzdən əvvəl 1987-ci ildə ABŞ-yə məxsus “Bridgeton” supertankerində baş vermiş hücumu və son vaxtlar tankerlərə edilən hücumları xatırlamalıdırlar.
Xatırladaq ki, daha əvvəl Tramp bildirmişdi ki, zəruri olarsa, ABŞ Hərbi Dəniz Qüvvələri neft tankerlərini Hörmüz boğazında müşayiət edə bilər.
ABŞ və İsrailin İrana qarşı zərbələrə başlamasından sonra bölgədə gərginlik artıb. Məlumata görə, son günlər ərzində ən azı 9 gəmi hücuma məruz qalıb və İran tərəfi gəmilərə bu strateji su yolundan keçməməyi tövsiyə edib.





















