Bakı, 15 may, ARHD.AZ
Biz Türkiyədə artıq üç nəsildir ki, düyü biznesi ilə məşğul oluruq. Son iyirmi beş ildə biz düyü üyüdən avadanlıq, toxumçuluq maşınları və qurutma avadanlığı istehsal edirik. Biz Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstanla da bir sıra əməkdaşlıqlar edirik. Əsas məqsədimiz Azərbaycan bazarına daxil olmaq və daha çox inkişaf etməkdir.
ARHD.AZ xəbər verir ki, bu sözləri 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgilərinin iştirakçısı, “Multigrain” şirkətinin baş direktoru Turgay Yetiş deyib.
“Sərgilərdə təqdim etdiyimiz bir sıra avadanlıqları Türkiyədən gətirmişik. Stendimizdə təqdim olunan düyü üyüdən aparat sərgi ziyarətçilərinin diqqətini çəkir. Əsasən bu avadanlığı düyü ilə məşğul olan zavod və fabriklər əldə edir. Bu avadanlıq düyünün keyfiyyətini təyin edir. Azərbaycanda düyü biznesinin genişlənəcəyini düşünürəm. Azərbaycanda bir sıra şirkətləri avadanlıqla təmin etmişik”, - deyə Turgay Yetiş əlavə edib.