Qəmzə Yusubova: Ceyranbatan su anbarına çirkab suların axıdılması ictimai narahatlıq yaradır

Bakı, 15 aprel, ARHD.AZ



Qəmzə Yusubova: Ceyranbatan su anbarına çirkab suların axıdılması ictimai narahatlıq yaradır


Son dövrlərdə Ceyranbatan su anbarına çirkab suların axıdılması ilə bağlı yayılan məlumatlar ictimaiyyətdə ciddi narahatlıq doğurur. Bu məsələ təkcə ətraf mühitlə məşğul olan şəxsləri deyil, hər bir vətəndaşı düşündürən mühüm ekoloji problemdir.

Bu sözləri ARHD.AZ-a açıqlamasında “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin rəhbəri Qəmzə Yusubova söyləyib.

O qeyd edib ki, Ceyranbatan su anbarı Azərbaycanın strateji əhəmiyyətli obyektlərindən biri olmaqla yanaşı, təkcə Bakı şəhəri deyil, onun ətraf əraziləri və ümumilikdə ölkə əhalisinin təxminən yarısını içməli su ilə təmin edir. Belə bir obyektin çirkab sularla çirkləndirilməsi, xüsusilə Aşağı Güzdək qəsəbəsindən axıdılan suların bu anbarı təhdid etməsi ciddi narahatlıq doğurur.

Bu məsələnin müxtəlif dövrlərdə dəfələrlə müzakirəyə çıxarıldığını bildirən Qəmzə Yusubova əlavə edib: “Son günlərdə Ceyranbatan su anbarının mühafizə zonasına qədər çirkab suların axıdılması üçün xüsusi boruların çəkilməsi müşahidə olunur. Bu boruların kimlər tərəfindən, hansı məqsədlə çəkildiyi məlum olmasa da, məsələ insan sağlamlığı baxımından olduqca təhlükəli hal alıb. Bu hal yoluxucu xəstəliklərin yayılmasına, insan sağlamlığı və həyat tərzinə mənfi təsirlərə yol aça bilər və bu, tamamilə yolverilməz bir vəziyyətdir. Bu səbəbdən dövlət tərəfindən dərhal tədbirlər görülməli, məsələni törədən qurum və ya şəxslər müəyyənləşdirilərək cavabdehlik daşımalıdır”.

Qəmzə Yusubovanın fikrincə, iri şəhərlərin birləşmiş su təchizatı xidmətləri bu problemin həllinə dərhal müdaxilə etməli, məsələ ciddi araşdırılmalı və boruların qurulması ilə bağlı bütün faktlar aşkarlanmalıdır. Bununla yanaşı, ictimai nəzarətin və medianın rolu da xüsusilə vurğulanır. Media bu cür halların işıqlandırılmasında fəal rol oynamalı, ictimai nəzarət isə bu məlumatları aidiyyəti qurumlara çatdırmaq funksiyasını yerinə yetirməlidir.

“Nəticə olaraq, bu məsələ təkcə müəyyən qurumların deyil, hər bir vətəndaşın məsuliyyət daşıdığı bir problemdir. Ətraf mühit məsələlərində fəallıq nümayiş etdirmək üçün xüsusi status və ya vəzifəyə malik olmaq vacib deyil. Hər bir vətəndaş belə hallarda vətəndaş mövqeyini ortaya qoymalıdır, çünki ekoloji problemlər sərhəd tanımır və hər bir fərdin həyatına təsir göstərir”, - deyə Qəmzə Yusubova əlavə edib.

Baxış sayı: 5 444

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə