Bakı, 16 aprel, ARHD.AZ




Aprelin 15-də BMT-nin Şəhərsalma Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudia Rosbax Azərbaycanın Keniyadakı səfirliyinə nəzakət ziyarəti edib.

Səfirlikdən ARHD.AZ-a bildirilib ki, icraçı direktor və onu müşayiət edən heyət əvvəlcə Ümummilli Lider Heydər Əliyevin səfirliyin inzibati binasında yaradılmış xatirə otağı və dövlətçilik guşəsi ilə tanış olub. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Səfir Sultan Hacıyev tanışlıq zamanı Azərbaycanın dövlətçilik tarixi, mədəniyyəti, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, xilaskarlıq missiyası, Prezident İlham Əliyevin liderliyi ilə müasir Azərbaycanın qazandığı nailiyyətlər, 2020-ci ildə şanlı Zəfər nəticəsində ərazi bütövlüyünün bərpa olunması barədə qonaqları məlumatlandırıb. O bildirib ki, Azərbaycan postmünaqişə dövründə müasir şəhərsalma meyarlarına uyğun, milli imkanlar hesabına genişmiqyaslı bərpa-yenidənqurma işləri aparan yeganə ölkədir. Səfir bərpa edilən ərazilərdə minaların insan tələfatına səbəb olması, habelə humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verib.

Görüşdə Azərbaycan və UN-Habitat arasında dinamik əməkdaşlıqdan məmnunluq ifadə olunub. 2026-cı il mayın 18–dən 22-dək ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qlobal əhəmiyyəti və beynəlxalq nüfuzunun yüksəldilməsi ilə bağlı birgə prioritetlər və hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Xanım Rosbax WUF13-ün hazırlıq proseslərində Azərbaycan Hökumətinin fəaliyyətindən və dəstəyindən razılıq ifadə edib.

UN-Habitatın icraçı direktoru Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyini qeyd edərək, COP29 Sədrliyi ilə birgə həyata keçirilən təşəbbüslərin əhəmiyyətini və həmin vaxt Azərbaycanda səfərdə olarkən keçirdiyi görüşlərin müsbət nəticələrini vurğulayıb. Qeyd edib ki, Azərbaycanın dayanıqlı şəhərsalma ilə iqlim dəyişikliyi proseslərinin qarşılıqlı təsirləri və COP – WUF platformaları arasında əlaqənin inkişafı üzrə qlobal təşəbbüsləri beynəlxalq əməkdaşlığın növbəti inkişaf mərhələsinə yüksəldilməsinə töhfə verir və UN-Habitat bu istiqamətdə Azərbaycanla tərəfdaşlığı genişləndirməyə səy göstərir.

Baxış sayı: 6 382

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə