Bakı, 16 aprel, ARHD.AZ
Azərbaycan Boks Federasiyasının (ABF) baş katibi Nağı Səfərov ARHD.AZ-a müsahibə verib. O, Azərbaycan boksçularının beynəlxalq yarışlarda əldə etdikləri nəticələri dəyərləndirib, qarşıda duran vəzifələrdən bəhs edib.
- Ötən gün Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinə yekun vuruldu. Yarışın təşkili barədə təəssüratlarınızı bilmək istərdik...
- Bildiyiniz kimi, bu yarış ölkəmizdə ənənəvi olaraq hər il keçirilir. Təşkilatçılıq yüksək səviyyədə idi. Ötən il olduğu kimi, bu dəfə də ən güclü idmançılar burada güclərini sınadılar. Döyüşlər çox gərgin mübarizə şəraitində baş tutdu.
- Turnirin keçirilməsində əsas məqsəd nədir?
- Əsas hədəflər yığmamızın üzvlərinin bir daha gələcək yarışlara hazırlığını yoxlamaqdan, komandanın liderlərini yenidən müəyyən etməkdən ibarətdir. Ölkə çempionatı başa çatdıqdan sonra baş məşqçinin təlimatına əsasən milli üzvlərinə özlərini yenidən sübut etmələri üçün şans verildi. Artıq yekun nəticələrdən sonra baş məşqçi federasiyaya öz hesabatını təqdim edəcək və yığmanın boksçularını bir daha nəzərdən keçirəcək. Burada komandanın üzvləri dedikdə, 1 və 2 nömrəli boksçular nəzərdə tutulur.
- Azərbaycan millisi yarışda 8-i qızıl, 3-ü gümüş, 7-si bürünc olmaqla, ümumilikdə 18 medalla komanda hesabında birinci yeri tutdu. Boksçularımızın çıxışını necə dəyərləndirirsiniz?
- Yarışda 9 ölkədən kifayət qədər tanınmış, güclü idmançılar mübarizə apardılar. Ümumilikdə 18 medal əldə etməklə yaxşı nəticəyə imza atdıq. Xüsusilə də qadın boksçularımız fəxri kürsüdə yer alaraq bizləri sevindirdilər. Artıq qadın boksunda inkişaf proqramına start verilib və bu layihə uğurla davam edir.
- Azərbaycanın yeniyetmə boksçuları isə ötən həftə Serbiyada keçirilmiş Gimnaziada İdman Oyunlarında uğurlu nəticə ilə yadda qaldılar…
- Qeyd etmək istərdim ki, Gimnaziadada çıxış edən idmançılar da bizim üçün çox önəmlidir. Çünki onlar kiçik yaşlardan boksla məşğul olurlar. Yığmamızın turniri 21 medalla başa vurması onu deməyə əsas verir ki, gələcək nəsil də yüksək səviyyədə inkişaf edir. Gənclərimizin Serbiyada əldə etdiyi nailiyyət gələcəyə ümidlə baxmağa imkan verir. Təbii ki, bu, ilk addımdır. Ümidvarıq ki, bundan sonra da boksçularımız gözləntilərimizi doğruldacaqlar.
- 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində reallaşacaq Yay Olimpiya Oyunlarında gender bərabərliyinə nail olmaq üçün boks üzrə yarışların proqramında dəyişikliklər edildi. Yeni qaydalara əsasən, boksçularımızın medal qazanma şansını necə qiymətləndirirsiniz?
- Bu, idmandır. Həqiqətən də indidən nələrisə söyləmək üçün tezdir. Çünki bizim ümid bəslədiyimiz idmançı zədə ala və ya başqa amillər onun iştirakına təsir göstərə bilər. Hər kəsə məlumdur ki, Olimpiadanın ab-havası tamamilə fərqlidir. Ümid edir və gözləyirik ki, nəhayət, Los-Ancelesdə qızıl medal qazana biləcəyik. Bununla da, Azərbaycan Boks Federasiyası da Olimpiya çempionuna sahib idman qurumu kimi tarixə düşəcək.
- Böyüklərdən və ya aşağı yaş qruplarından ibarət milli komandalara əcnəbi mütəxəssislər cəlb etmək kimi planlarınız varmı?
- Hələlik elə bir şey nəzərdə tutulmayıb. Federasiya rəhbərliyinin qarşıya qoyduğu hədəflərdən biri də ondan ibarətdir ki, həm yerli məşqçilərimizi, həm hakimlərimizi, ən əsası da boksçularımızı inkişaf etdirək. Gənc mütəxəssislərimiz günü-gündən inkişaf edirlər, hakimlərimiz beynəlxalq kateqoriyaya yiyələnirlər. Məşqçilərimizi müntəzəm olaraq seminarlara göndəririk. Onlar da təkmilləşməyə davam edirlər.
- Ölkəmizin yaxın gələcəkdə hansısa nüfuzlu beynəlxalq turnirə ev sahibliyi etməsi gözlənilirmi?
- Bakıda mayın 15-23-də Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq yarış təşkil edəcəyik.