Bakı, 10 aprel, ARHD.AZ
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Moldova Respublikasının Kənd Təsərrüfatı üzrə İntervensiya və Ödənişlər Agentliyinin səlahiyyətli nümayəndələri arasında görüş keçirilib.
Bu barədə ARHD.AZ-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Görüşdə AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva iki ölkə arasında baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sahələri üzrə əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib. Qonaqların diqqətinə çatdırılıb ki, ölkəmizdə heyvanların identifikasiyası və qeydiyyatı sistemi müasir üsullarla həyata keçirilir. Vizual qulaq birkaları və mikroçip kimi identifikasiya üsullarından geniş istifadə olunur. Bu mexanizm heyvan xəstəliklərinin izlənilməsi, diaqnostikası, xüsusilə də tətbiq edilmiş peyvənd, antibiotik və ya digər baytarlıq preparatları, həmçinin heyvana təyin edilmiş diaqnoz barədə məlumatların detallı şəkildə elektron məlumat bazasında toplanmasına imkan yaradır. Qeyd olunub ki, identifikasiya sahəsində beynəlxalq standartlar tətbiq edilir.
Görüş zamanı Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) və Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) üzrə Moldova ilə təcrübə mübadiləsi, sertifikatların qarşılıqlı tanınması və digər istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.