Bakı, 3 iyun, ARHD.AZ
“Azərkosmos” və Macarıstanın kosmik şirkəti əməkdaşlıq istiqamətlərini müzakirə edib
“Azərkosmos” və Macarıstanın “4iG Space and Defence Technologies” şirkətinin rəhbər heyətləri arasında görüş keçirilib.
“Azərkosmos”dan ARHD.AZ-a bildirilib ki, görüşdə ötən ay iki qurum arasında imzalanmış anlaşma memorandumunun icrasına dair növbəti addımlar müzakirə olunub. Həmçinin tərəflər arasında potensial əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib. Görüş çərçivəsində peyklərin birgə istehsalı, təlim və konsaltinq xidmətləri, Coğrafi İnformasiya Sistemləri (CİS) və peyk həlləri, strateji tərəfdaşlıq və investisiya imkanları və birgə biznes imkanlarının paylaşılması və əməkdaşlıq üzrə yol xəritəsinin hazırlanması barədə fikir mübadiləsi aparılıb.