WWF ofisinin əlaqələndiricisi: Azərbaycan COP29 təcrübəsini təkcə Braziliya ilə deyil, bütün ölkələrlə bölüşməyə hazırdır

Bakı, 23 aprel, ARHD.AZ



Bir çox beynəlxalq təşkilat və müxtəlif ölkələrin nümayəndələri Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə hazırlığını qeyd ediblər. COP29 çərçivəsində təqdimatda iştirak edən Braziliya nümayəndə heyətinin üzvləri etiraf etdilər ki, ölkəmizdən öyrəniləcək çox şey var. Hətta dedilər ki, bəlkə bu səviyyənin öhdəsindən gələ bilməyəcəklər, amma Azərbaycanın təcrübəsini mənimsəməyə çalışacaqlar.

Bu barədə ARHD.AZ-a Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin COP29-un kommunikasiya və inkişafı üzrə əlaqələndiricisi Elçin Sərdarov məlumat verib.

“Mən bu yaxınlarda müxtəlif görüşlərdə olmuşam, fərqli danışıqlarda iştirak etmişəm və mətbuatla tanış olmaq imkanım olub. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyovun Azərbaycan və Braziliyanın 2024-cü ildə Bakıda baş tutan və 2025-ci ildə Belendə keçiriləcək konfranslar arasında qlobal maliyyələşməni təmin etmək məqsədilə marşrut təşkil etməyə hazır olduqları barədə çıxışına yerli və xarici mətbuatda çox müsbət reaksiyaları oxudum. Braziliya nümayəndə heyəti də ümid edir ki, bu təşəbbüs digər ölkələrə də maliyyə cəlb etməyə imkan verəcək. Təbii ki, ölkələrimiz arasında əməkdaşlıq üçün bir çox sahələr, o cümlədən kənd təsərrüfatı, mülki aviasiya, texnologiya, təhsil və enerji sektorları mövcuddur”, -deyə agentliyin həmsöhbəti qeyd edib.

Onun sözlərinə görə, COP29-da Braziliya nümayəndələrinin Azərbaycana necə hörmət və rəğbətlə yanaşdığını görmək mümkün olub: “Onlar COP29 könüllülərinin rolunu dəfələrlə qeyd ediblər. Çünki COP29-da könüllülər yüksək peşəkarlıq nümayiş etdirərək bizim qonaqpərvərliyimizi və qonaqları qəbul etmək mədəniyyətimizi nümayiş etdirib, iştirakçılara diqqət yetirib, eyni zamanda, müxtəlif proqramlara qoşulub və ya onlara köməklik göstəriblər. Braziliyalı dostlarımız imkan daxilində könüllülərin təliminə cavabdeh olan dövlət nümayəndələrinə onların işinin ən yüksək səviyyədə təşkil olunduğunu çatdırmağı xahiş etdilər, Azərbaycan gənclərinə beynəlxalq təşkilatlarla mükəmməl ünsiyyət bacarıqlarına və ingilis dilini mükəmməl bildiklərinə görə minnətdarlığını bildirdilər. İnanıram ki, bu təcrübə təkcə bizim üçün deyil, digər ölkələr üçün də faydalı oldu”.

Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı təcrübəsini təkcə Braziliya ilə deyil, bütün ölkələrlə bölüşməyə hazır olduğunu vurğulayan Elçin Sərdarov əlavə edib: “Yəqin ki, iyun ayından etibarən Braziliya COP30-a hazırlaşmağa başlayacaq. Əminəm ki, Azərbaycan nümayəndələri tədbirin təşkili, maddi-texniki təminatı və media məkanında təbliği ilə bağlı təcrübələrini mütləq bölüşəcəklər. Ümidvarıq ki, COP30 iqlim konfransı COP29-un davamı olacaq və dövlət başçıları səviyyəsində iqlim dəyişikliyi məsələlərinə ictimai diqqəti cəlb etməyə imkan verəcək. Biz bu yaxınlarda müşahidə etdik ki, davamlı inkişaf konsepsiyası dayanıqlı inkişafı təmin etmək üçün ölkələrdə mütləq həyata keçirilməlidir. Onun alternativi yoxdur. Bioresursların gələcək nəsillər üçün qorunub saxlanılması və irəliləyiş məqsədilə yaşıl texnologiyaların tətbiqi, əhali arasında ekoloji maarifləndirmə işlərinin davam etdirilməsi, dövlətlərarası əməkdaşlığın inkişafı və təbii ki, qarşılıqlı yardımın təmin edilməsi vacibdir.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə