





Ankara, 17 aprel, ARHD.AZ
Ermənilərin Cənubi Qafqaz və Anadoluda cinayətləri mövzusu Ankarada geniş müzakirə edilib
Aprelin 17-də Ankarada “XX əsrdə Cənubi Qafqazda və Anadoluda ermənilərin türklərə qarşı vəhşilikləri” mövzusunda panel müzakirələri keçirilib.
ARHD.AZ xəbər verir ki, Azərbaycanın Ankaradakı səfirliyi və Türk Tarix Qurumunun birgə səyləri ilə baş tutan tədbirdə Türkiyənin aparıcı universitetlərinin professorları, tarixçilər, hüquqşünaslar, diplomatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Türk Tarix Qurumunun sədri professor Yüksel Özgen Birinci Dünya müharibəsi dövründə Anadolu və Azərbaycanda törədilən qanlı cinayətlərə diqqət çəkib. O bildirib ki, müsəlman-türk əhalisinə qarşı xüsusi qəddarlıq nümayiş etdirən ermənilər bu dövrdə bir çox bölgədə qanlı əməllərini davam etdiriblər. “Qars, İğdır, Ərzurum, Van və Bitlis kimi vilayətlərində türklərin yaşadıqları kəndlərə müntəzəm hücumlar təşkil olunurdu. Aralarında qadın, yaşlı və uşaqların da olduğu on minlərlə insan qətlə yetirilib, məscidlər yandırılıb”, - deyə Y.Özgen əlavə edib.
Türk Tarix Qurumunun sədrinin sözlərinə görə, ermənilər həm Anadoluda, həm də Azərbaycanda qədim kənd və şəhərləri “türksüzləşdirərək” bütün dünyaya süni bir “erməni yurdu” yalanını qəbul etdirməyə çalışırdı. “Böyük Ermənistan” xülyası ilə bölgənin etnik xəritəsini dəyişdirmək istəyən ermənilər əhalini qanlı cinayətlərlə qorxudaraq zorla köçməyə məcbur etdirməyi planlaşdırırdı. Erməni quldur dəstələrinin cinayətləri ilə bağlı təfərrüatlı məlumatlar arxivlərdə mövcuddur”, - deyə Y.Özgen vurğulayıb.
Daha sonra çıxış edən ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov ermənilərin uzun müddət Osmanlı dövlətinə və ümumilikdə türklərə qarşı alət kimi istifadə olunduğunu deyib. “Ermənilər əsrlərlə yaşadıqları dövlətə, birgə yaşadıqları xalqlara xəyanət etdilər, Osmanlı ordusuna arxadan zərbə vurdular. Buna cavab olaraq da Osmanlı hökuməti erməniləri başqa bölgələrə köçürdü”,- deyə diplomat xatırladıb.
Erməni soyqırımı yalanlarına diqqətçəkən diplomat qeyd edib: “İlk başda Anadoluda 100 min erməninin öldüyünü iddia edirdilər. Sonradan bu rəqəm 1,5 milyon oldu. Yeganə məqsəd Türkiyəyə təzyiq göstərməkdir. Türklər ətrafında formalaşdırılan düşmən obrazı ilə Türkiyə və Azərbaycan arasında “tampon bölgə” yaratmaq istənilirdi”.
Ermənilərin Anadolu ilə yanaşı, Cənubi Qafqazda da qanlı cinayətlər törətdiyini xatırladan səfir türk düşmənçiliyinin sovet hakimiyyəti illərində və daha sonra müstəqillik dövründə davam etdiyini qeyd edib.
“Əgər ermənilər regionda sülh istəyirsə, xarici qüvvələrin oyunlarına getməməlidir. Birlikdə yaşamağa öyrənməlidirlər, doğru tarixi qəbul etməlidirlər”, - deyə R.Məmmədov vurğulayıb.
Tədbir panel müzakirələri ilə davam edib.
Professor Hikmet Özdemirin moderator qismində çıxış etdiyi müzakirələrdə Atatürk Universitetinin (Ərzurum) tarix kafedrasının professoru İbrahim Ethem Atnur, Kahramaramaş Sütçü İmam Universitetinin siyasət və beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl, Yldız Texniki Universitetinin (İstanbul) Siyasət və beynəlxalq əlaqələr kafedrasının rəhbəri professor Mehmet Akif Okur və Bayburt Universitetinin dosenti Ramin Sadık iştirak ediblər.
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əhəmiyyətinə, azərbaycanlıların öz tarixi yurdlarına qayıtma hüququna sahib olduğu xüsusi vurğulanıb.