Bakı, 5 avqust, ARHD.AZ




Avazada Türkmənistan Xalq Məsləhətinin sədri, Özbəkistan Prezidenti və Azərbaycanın Baş naziri arasında üçtərəfli görüş keçirilib


Avqustun 5-də Avazada Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında üçtərəfli görüş keçirilib.

Nazirlər Kabinetindən ARHD.AZ-a bildirilib ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistan Xalq Məsləhətinin sədrinə və Özbəkistanın dövlət başçısına çatdırıb.

Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlıqlarını bildiriblər, onların da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş ediblər.

Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya ölkələri ailəsində, Dövlət başçılarının Məşvərət şurasında xüsusi yerinin olduğunu, Azərbaycan Prezidentinin bu istiqamətdə çox iş gördüyünü vurğulayıb və Azərbaycanın region ölkələri ilə birlikdə Avrasiya, habelə bütün dünya üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Q.Berdiməhəmmədov Mərkəzi Asiya ölkələri və Azərbaycan formatının artıq faktiki olaraq mövcudluğunu, bu əməkdaşlığın günün tələbinə çevrildiyini və bu formatın daimi praktikaya çevrilməsinin zəruriliyini qeyd edib.

Türkmənistan Xalq Məsləhətinin sədri Prezident İlham Əliyevin Azərbaycan-Türkmənistan-Özbəkistan formatında əməkdaşlığı vacib saydığını qeyd edib və bu görüşü belə bir yeni formatın əsasının qoyulması kimi qiymətləndirib.

Üçtərəfli formatın ilk görüşündə humanitar, mədəni əlaqələrin inkişafının vacibliyi və iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib. İqtisadi sahədə ən aktual istiqamətlər kimi nəqliyyat, logistika, enerji sektorlarında strateji əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda səfərdə olarkən Prezident İlham Əliyev ilə Füzuli rayonunda məscidin tikintisi, habelə Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması ilə bağlı razılığın əldə olunduğunu bildirib.

Baxış sayı: 5 672

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə