Bakı, 26 iyun, ARHD.AZ




Çinin “Datang” şirkəti ilə “yaşıl enerji” dəhlizinin inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb


Çinə səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov “China Datang Korporasiyası”nın sədri Lyu Junla görüşüb.

Nazirlikdən ARHD.AZ-a bildirilib ki, görüşdə Çin şirkətlərinin Azərbaycanın “yaşıl enerji” kursunun əsas tərəfdaşlarından olduğu və bu əməkdaşlığın daha da genişləndirilməsinə maraq ifadə edilib. Bu ilin aprelində Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı imzalanmış Birgə Bəyanatın bərpaolunan enerji mənbələri sahəsində fəal əməkdaşlığı və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəli aparmağı təşviq etdiyi vurğulanıb. Bu xüsusda Çin şirkətləri, o cümlədən “China Datang Overseas Investment Co. Ltd” ilə bərpaolunan enerji sahəsində imzalanmış müqavilələrin əhəmiyyətindən bəhs edilib.

Söhbət zamanı Azərbaycanın “yaşıl enerji” layihələri, şirkətlə əməkdaşlıq çərçivəsində dənizdə külək enerjisinin inkişafı və Günəş elektrik stansiyası layihələrinin icrası, həmçinin potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Görüş çərçivəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “China Datang Overseas Investment Co. Ltd” arasında “yaşıl enerji” dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum Azərbaycanın bərpaolunan enerji mənbələri hesabına yaradılan elektrik enerjisi istehsalı güclərinin elektrik şəbəkəsinə təhlükəsiz qoşulmasını təmin etmək və bu enerjinin etibarlı və sabit şəkildə ötürülməsini həyata keçirmək məqsədilə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, “China Datang Overseas Investment Co. Ltd” ilə şirkətin texniki imkanlarının və elektrik şəbəkəsinin inkişafı üzrə sistem tədqiqatlarının tətbiqi, eləcə də HVDC layihələrinin dizaynı, mühəndislik və tikinti idarəçiliyi sahəsində zəngin təcrübəyə malik Çin şirkətlərinin cəlb olunması üçün texniki və maliyyə dəstəyi sahəsində əməkdaşlıq ediləcək.

Görüşdə Azərbaycanın energetika sektoru üzrə mütəxəssisləri üçün təlim proqramına da start verilib.

Proqramın məqsədi şəbəkə idarəçiliyi, sualtı kabel layihələri, üzən günəş texnologiyaları və batareya enerji sistemləri sahələrində qabaqcıl təcrübə ilə tanışlıqdır. Təlim çərçivəsində praktiki ekskursiyalar və müxtəlif enerji obyektlərinə səfərlərin təşkili də nəzərdə tutulur.

Baxış sayı: 6 441

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə