
Bakı, 4 iyun, ARHD.AZ
Səfir: Azərbaycanla Belçika arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin var
İyunun 4-də Milli Məclisin sədri Sahibə Qafarova Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Belçika arasında əlaqələrin inkişafı üçün geniş imkanların mövcud olduğu qeyd edilib. Bildirilib ki, Belçika Baş nazirinin ötən il COP29 çərçivəsində Bakıya səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş bu əlaqələrin əhəmiyyətini bir daha vurğulayıb.
Milli Məclisin sədri parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildirib, Belçika parlamentinin əvvəlki rəhbərləri ilə keçirdiyi görüşləri xatırladıb. O, qarşılıqlı səfərlərin və daimi dialoqun münasibətlərin möhkəmlənməsinə, eyni zamanda, daha dolğun məlumat mübadiləsinə şərait yaratdığını vurğulayıb. Bu kontekstdə dostluq qruplarının roluna da toxunub.
Səfir Julyen de Frepon isə çıxışında Azərbaycanda fəaliyyətə başladığı müddətdə ölkə ictimaiyyətinin qonaqpərvər münasibətini yüksək qiymətləndirib. O, COP29 çərçivəsində Belçika Baş nazirinin ölkəmizə səfərinin həm mühüm beynəlxalq tədbirdə iştirak, həm də Azərbaycanla ikitərəfli münasibətlərə dair müzakirələr aparmaq baxımından əhəmiyyətini qeyd edib.
Diplomat iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, logistika və dənizçilik sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəminin olduğunu qeyd edib. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı əsas rolu vurğulayıb və Avropa İttifaqı ilə əməkdaşlıq dialoqunun dərinləşməsini dəstəklədiklərini bildirib.
Görüşdə Sahibə Qafarova regionda mövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, mina təhlükəsi və digər məsələlərlə bağlı ətraflı məlumat verib.