
Tbilisi, 4 iyun, ARHD.AZ
Gürcüstan parlamentinin sədri Azərbaycana təşəkkür edib
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə,Təhlükəsilik və Korrupsiya ilə Mübarizə Komitəsinin, Elm və Təhsil, Gənclər və İdman komitələrinin sədrləri iyunun 4-də bu ölkənin parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüblər.
ARHD.AZ xəbər verir ki, görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri, idman və gənclər siyasəti, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Şalva Papuaşvili BMT Baş Assambleyasının Gürcüstanın təqdim etdiyi “Abxaziyadan, Gürcüstandan və Sxinvali vilayətindən/Cənubi Osetiyadan olan məcburi köçkünlərin və qaçqınların statusu haqqında” qətnamənin qəbulu zamanı göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə xüsusi minnətdarlıq edib.
O bildirib ki, Azərbaycanın da yaxından iştirakı ilə 2025-ci il sessiyasında sənəd ilk dəfə 107 ölkə tərəfindən dəstəklənib. O, bu dəstəyi Azərbaycanın Gürcüstana olan dost və qardaşlığının bariz nümunəsi kimi qiymətləndirib.
Söhbət zamanı Azərbaycan və gürcü gənclərinin birgə forumunun, görüşlərinin və yay düşərgələrinin təşkili məsələləri müzakirə olunub.