
Bakı, 30 may, ARHD.AZ
Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “Buzlaqların qorunması” üzrə birinci yüksəksəviyyəli beynəlxalq konfrans keçirilir.
Nazirlər Kabinetindən ARHD.AZ-a bildiriblər ki, 41 ölkənin və 57 beynəlxalq təşkilatın təmsil olunduğu tədbirdə Azərbaycanın nümayəndə heyəti də iştirak edir.
Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xarici İşlər Nazirliyinin rəsmiləri daxildir.
Konfrans Tacikistan Prezidenti Emoməli Rəhmonun təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının 2025-ci ili “Beynəlxalq Buzlaqların Qorunması İli” elan etməsi çərçivəsində keçirilir və qlobal iqlim dəyişikliyi ilə mübarizə şəraitində buzlaqların mühüm roluna diqqət çəkir.
Mayın 30-da konfransın plenar iclasında çıxış edən Samir Şərifov 2024-cü ildə Azərbaycan Prezidentinin rəhbərliyi ilə Bakıda uğurla keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) uzun illər ərzində razılaşdırılmamış məsələlərdə mühüm irəliləyişlərin əldə olunduğunu, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişiklikləri ilə mübarizəsi üçün ildə 300 milyard ABŞ dollarına qədər iqlim maliyyələşməsinin ayrıldığını, İtki və Zərər Fondunun yaradıldığını və karbon kreditləri ilə ticarəti tənzimləyən hüquqi çərçivənin razılaşdırıldığını xüsusi vurğulayıb.
Baş nazirin müavini buzlaqların mühafizəsinin yalnız regional deyil, eyni zamanda, qlobal əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, buzlaqların sürətlə əriməsinin insanların gündəlik həyatı, ictimai səhiyyə, su və ərzaq təhlükəsizliyi, ekosistemlərin dayanıqlılığı, eləcə də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə göstərdiyi mənfi təsirləri baxımından ciddi təhdid yaratdığını bildirib. S.Şərifov Azərbaycanın da buzlaq ehtiyatlarına malik ölkə kimi bu məsələyə xüsusi həssaslıqla yanaşdığını qeyd edib.
Baş nazirin müavini buzlaqların qorunmasını qlobal iqlim dəyişikliyi ilə mübarizə proqramının mühüm mitiqasiya istiqamətlərindən biri kimi qiymətləndirib və vurğulayıb ki, qlobal temperatur artımının Paris İqlim Sazişi çərçivəsində razılaşdırılmış həddi aşmaması buzlaqların qorunması üçün başlıca şərtlərdəndir. O, ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması prioritet istiqamət kimi müəyyənləşdirildiyini, həmçinin ölkəmizin qlobal səylərə fəal və effektiv töhfə verməyə davam etməyə hazır olduğunu deyib. Bu xüsusda konfransda iştirak edən dövlətləri Qlobal İqlim Sazişində nəzərdə tutulmuş milli öhdəliklərini yerinə yetirməyə və iqlim dəyişikliklərinə qarşı qlobal səylərə əməli töhfə verməyə çağırıb.
Konfrans çərçivəsində S.Şərifov Tacikistanın Baş naziri Koxir Rasulzoda tərəfindən qəbul edilib, Tacikistanın Baş nazirinin müavini, Azərbaycan-Tacikistan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Usmonali Usmonzoda, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan ilə görüşlər keçirib, iqlim dəyişikliyi ilə mübarizə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıb.