Moskva, 29 may, ARHD.AZ
Ölkəmizin Rusiyadakı səfirliyi Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil edib.
ARHD.AZ xəbər verir ki, tədbirdə tanınmış siyasi və ictimai xadimlər, Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev tədbiri açaraq xatırladıb ki, 1918-ci il mayın 28-də cəmi 23 ay mövcud olmuş, amma bu qısa müddətdə tarixdə parlaq izlər qoymuş müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti elan edilib. O əlavə edib: “Cümhuriyyət xalqımıza bayraq, ordu, parlament, müstəqillik ideyası və dövlət hakimiyyəti təsisatları miras qoyub”.
Diplomat vurğulayıb ki, Azərbaycan tarixində ilk respublikanın parlamentinin tərkibinə müxtəlif etnik azlıqların nümayəndələri – ruslar, ermənilər, yəhudilər, almanlar, polyaklar, gürcülər və ukraynalılar daxil idilər. “Parlamenti sədrinin, müvafiq olaraq dövlətin başçısının və birinci Baş nazirin partiya mənsubiyyəti yox idi. Respublikanın bütün beş hökuməti koalisiyalı olub ki, bu da onun liderlərinin siyasi yetkinliyindən xəbər verirdi”, -deyə səfir vurğulayıb.
O, gənc respublikanın ən mühüm nailiyyətlərindən biri kimi 1919-cu il seçki Qanununu misal çəkib və bildirib ki, bu sənədə əsasən, cinsindən, irqindən, dilindən və dinindən asılı olmayaraq bütün vətəndaşlar səsvermə hüququ əldə ediblər. “Beləliklə, Azərbaycan bir çox Avropa ölkələrindən əvvəl qadınların seçmək və seçilmək hüququ əldə etdiyi Şərqin ilk ölkəsi oldu”, -deyə diplomat qeyd edib. Rəhman Mustafayev 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycanın Ermənistanın təcavüzü və ərazisinin 20 faizinin itirilməsi ilə üzləşdiyi çətin dövrdən də danışıb. Səfir ölkənin suverenliyinin bərpasında Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rolunu vurğulayıb: “Bu, onilliklər boyu siyasi iradə, iqtisadi islahatlar, diplomatik tarazlıq tələb olunurdu. Dövlət başçısının cəsarətli mövqeyi sayəsində Azərbaycan tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi”.
Diplomat çıxışında onu da qeyd edib ki, bu gün ölkədə səylər Qarabağın və Şərqi Zəngəzurun genişmiqyaslı yenidən qurulmasına yönəlib: “Nəzərdə tutulan səkkiz beynəlxalq hava limanından üçü artıq tikilib. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Laçında üçüncü hava limanının açılışı olub”.
Səfir çıxışında işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə xüsusi diqqət yetirib, Azərbaycan ərazisində bir milyon yarıma yaxın minanın olduğunu və hazırda beynəlxalq ictimaiyyətin dəstəyi ilə minatəmizləmə prosesinin getdiyini diqqətə çatdırıb.
Rəhman Mustafayev Azərbaycanın regional inteqrasiyada fəal rolunu da vurğulayıb: “İnfrastruktura investisiyalar sayəsində Azərbaycan Avropa, Qafqaz, Mərkəzi Asiya və Çini birləşdirən nəqliyyat və logistika mərkəzinə çevrilib”. O, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin strateji əhəmiyyətini xatırladıb və ekoloji gündəliyin, o cümlədən Xəzərin xilası üçün Rusiya ilə birgə fəaliyyətin vacibliyini vurğulayıb.
“Bu gün biz köhnə qlobal nizamın dağıldığı və yeni qlobal strukturun formalaşdığı bir dünyada yaşayırıq. Belə bir şəraitdə Azərbaycan dostları və qonşuları ilə əməkdaşlığa açıq olan sadiq müttəfiq və etibarlı tərəfdaş olaraq qalır", -deyə diplomat çıxışını yekunlaşdırıb.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin təbrik nitqi ilə çıxış edib: “Qırmızı meydandakı Qələbə paradında əcnəbi ekipajlarla kolonnaya məhz Azərbaycan hərbi qulluqçularının başçılıq etməsi dərin rəmzi hadisə idi. Biz həmişə xatırlayacağıq ki, Sovet İttifaqının bütün xalqları dinc gələcək naminə nasizmin məğlub edilməsinə böyük töhfələr veriblər. Azərbaycanın oğul və qızlarının ümumi qələbəmizə nail olunmasında rolunu yüksək qiymətləndiririk”.
M.Qaluzin 2022-ci ildə “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması ilə münasibətlərin yeni səviyyəyə yüksəldiyini, Rusiya Prezidentinin 2024-cü ilin avqustunda Azərbaycana dövlət səfərinin ikitərəfli dialoqda mühüm mərhələyə çevrildiyini vurğulayıb. "Biz haqlı olaraq, ölkələrimizin xalqlarını qardaş adlandırırıq. Bizi sıx, mehriban və qohumluq əlaqələri, ümumi mənəvi-əxlaqi dəyərlər, tarix, mədəniyyət və adət-ənənələr birləşdirir. Artıq bütün nailiyyətlərimizi qorumaq və daha da irəli getmək vacibdir. Rusiya-Azərbaycan münasibətlərinin böyük gələcəyi var”, - deyə Rusiya Federasiyası xarici işlər nazirinin müavini sözlərini yekunlaşdırıb.
Azərbaycan səfirliyinin hərbi attaşesi Kənan Təhməzov çıxış edərək bu il Müstəqillik Gününün Silahlı Qüvvələr Günü ilə birgə qeyd olunduğunu qeyd edib. O deyib: “Güclü ordu hər bir suveren dövlətin dayağıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük müharibədə qalib gələrək ölkənin ərazi bütövlüyünü bərpa edib”.
Hərbi attaşe Rusiyanın ali hərbi məktəbləri ilə əməkdaşlıqdan da danışıb: “Bu gün Rusiya Müdafiə Nazirliyinin 17 ali təhsil müəssisəsində 164 azərbaycanlı hərbçi təhsil alır. Cari ildə akademiyaları bir zabit və iki kursant qızıl medalla bitirib”. O, həmçinin Bakıda ADEX beynəlxalq müdafiə sərgisinin keçirilməsini və Azərbaycanın hərbi-sənaye və çoxtərəfli əməkdaşlıqda fəal iştirakını qeyd edib.
“Silahlı Qüvvələrdə xidmət hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi, hər bir gənc üçün şərəfli borcdur”, - deyən Kənan Təhməzov çıxışını minnətdarlıq və vətənpərvərlik çağırışı ilə yekunlaşdırıb.
Təntənəli axşam Azərbaycan musiqi əsərlərinin ifa olunduğu konsert proqramı ilə başa çatıb.