Bakı, 29 may, ARHD.AZ
Özbəkistanın Səmərqənd şəhərində “İslam dünyasının mədəniyyət paytaxtı – 2025” ilinin açılış tədbirləri keçirilib. ICESCO-ya üzv 20-dən çox ölkədən nümayəndələr iştirak edib. Mədəniyyət nazirinin müavini Murad Hüseynovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti açılış tədbirlərinə qatılıb.
Nazirlikdən ARHD.AZ-a bildirilib ki, Səmərqəndin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə bağlı bu şəhərdə “İslam dünyasının mənəvi irsi və mədəni ifadə formaları: xəttatlıq, musiqi, poeziya və həmrəylik” mövzusunda beynəlxalq forum keçirilib.
Tədbirdə Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və bir sıra ölkələrdən rəsmilər, alimlər və media nümayəndələri iştirak ediblər.
Ozodbek Nazarbekov forumu açaraq Özbəkistanda İslam elminin və mənəvi irsinin dərindən öyrənilməsi, qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü deyib.
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik Səmərqənd şəhərinin dünya İslam elminə və mədəni irsinə verdiyi töhfələrdən danışıb. O, Səmərqəndin “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsini tarixi hadisə adlandırıb, bu istiqamətdə görüləcək işlər haqqında söhbət açıb.
Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxışında mədəni irsin qorunması sahəsində Azərbaycanda görülən işlər haqqında məlumat verib. Deyib ki, Səmərqənd İslam tarixində xüsusi yer tutan bir şəhərdir. Əsrlər boyu bu şəhər böyük alimlərin, memarların və digər sənətkarların Vətəni kimi tanınıb. Səmərqənd Böyük İpək Yolu üzərində yerləşdiyindən şəhər müxtəlif mədəniyyətlərin qovuşduğu mərkəzə çevrilib.
Nazir müavini ötən il Azərbaycanın qədim Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirdiyini diqqətə çatdırıb və bununla bağlı müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və digərlərinin də çıxışları dinlənilib. Çıxışlarda qədim Səmərqənd şəhərinin İslam irsinin yayılması, təbliği sahəsindəki mühüm rolu qeyd olunub.
Forumdan sonra “paytaxt ili”nin açılış proqramı çərçivəsində rəngarəng tədbirlər təşkil olunub. Qonaqlar Səmərqəndin tarixi-mədəni məkanlarına baş çəkiblər.
Qeyd edək ki, Səmərqənddən əvvəl 2007-ci ildə Daşkənd, 2020-ci ildə isə Buxara “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirib.