Kiyev, 28 may, ARHD.AZ


Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə Minskdə rəsmi qəbul təşkil edilib.

ARHD.AZ xəbər verir ki, qəbulda əsas qonaq qismində Belarus Respublikasının Baş nazirinin birinci müavini Nikolay Snopkov, Belarus Respublikası Prezident Administrasiyası rəhbərinin müavini Vladimir Perçov, Belarus Respublikası Milli Məclisi Respublika Şurasının qanunvericilik və dövlət quruculuğu üzrə daimi komissiyasının sədr müavini Aleksey Vasilyev, Belarusda təhsil alan tələbələrimiz, media nümayəndələri və digərləri iştirak ediblər.

Azərbaycanın və Belarusun Dövlət himnlərinin səsləndirilməsindən sonra səfir Məhərrəm Əliyev çıxış edərək 107 il əvvəl müsəlman Şərqində yaradılmış ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi tədbirlərin xalqımızın tarixində böyük iz buraxdığını qeyd edib. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ilk parlament və hökumət, dövlət aparatı, idarəetmə institutları formalaşdırılması, ölkənin sərhədlərinin müəyyən edilməsi, ərazi bütövlüyü və milli təhlükəsizliyin təmin olunması istiqamətində mühüm işlər görüldüyünü, eləcə də Dövlət Bayrağı, Himni və Gerbininin qəbul edildiyini bildirən səfir, AXC-nin üzərinə götürdüyü çətin tarixi vəzifələrin öhdəsindən şərəflə gəldiyini vurğulayıb. M.Əliyev demokratiya və insanların bərabərliyi prinsiplərinə əsaslanaraq ölkənin bütün vətəndaşlarının bərabər hüquqlarla təmin olduğunu, o cümlədən Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara səsvermə hüququ verildiyini qonaqların diqqətinə çatdırıb.

Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrdə bir çox dövlət atributlarını qoruyub saxladığını, iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirdiyini bildirən səfir, 1991-ci ilin sonunda ikinci dəfə müstəqilliyin bərpa olunmasından sonra xalqın Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin ətrafında cəmləşməsinin demokratik cəmiyyəti inkişaf etdirməyə, nəticədə ölkəmizin dünya birliyində öz layiqli yerini tutmasına şərait yaratdığını vurğulayıb.

M.Əliyev bugünkü Azərbaycanın müasir infrastruktura, güclü nəqliyyat və logistika imkanlarına malik sabit və təhlükəsiz, o cümlədən multikultural dəyərlərə sahib tolerant ölkə olduğunu bildirərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etdikdən sonra Qarabağ iqtisadi rayonunun dirçəldilməsi və qaçqınların öz doğma yurdlarına qayıtmasını ehtiva edən “Böyük Qayıdış” proqramı haqqında məlumat verib.

Azərbaycan – Belarus münasibətlərinə toxunan M.Əliyev, ötən dövr ərzində iki ölkə arasında əlaqələrin mütərəqqi və dinamik şəkildə inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Dövlət və hökumət başçıları səviyyəsində qarşılıqlı səfərlər, əldə olunan razılaşmalar, açıq təcrübə mübadiləsinin bütün sahələrdə uğurlu əməkdaşlığın bariz nümunəsi olduğunu qeyd edib. Azərbaycan və Belarusun beynəlxalq arenada daim bir-birini dəstəklədiyini bildirən səfir, Azərbaycanın prinsipial məsələlərdə Belarusun hər zaman haqlı mövqe tutmasının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Baş nazirin birinci müavini N.Snopkov müstəqillik illərində ölkəmizin əldə etdiyi uğurlara toxunaraq, əsas iqtisadi inkişaf göstəricilərini qonaqların diqqətinə çatdırıb, Belarusun dost Azərbaycanın daim inkişaf etməsi və uğurlar əldə etməsini sevinc hissi ilə qarşıladığını bildirib. Belarusla Azərbaycan arasındakı münasibətlərin zamanın və ümumi tarixin sınağından üzü ağ çıxdığını, qarşılıqlı hörmət və etimada əsaslandığını vurğulayıb. İki ölkə arasında siyasi, ticarət-iqtisadi və humanitar sahədə əməkdaşlığın fəal inkişaf etdiyini qeyd edən N.Snopkov, bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq dialoqu, etimad və qarşılıqlı anlaşmanın mühüm rol oynadığını bildirib.

Azərbaycanla Belarus arasında iqtisadi əlaqələrin inkişafında sabit tendensiyaların mövcud olduğunu bildirən Snopkov bu və digər sahələrdə münasibətlərin dərinləşdirilməsi, eləcə də ümumi ticarət dövriyyəsinin arzuolunan səviyyəyə çatıdırlması üçün münbit şəraitin olduğunu vurğulayıb.

İki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edən N.Snopkov Azərbaycan dövlətini və xalqını bu əlamətdar bayram münasibətilə təbrik edib, ölkəmizə daim sülh və rifah arzulayıb.

Tədbirin bədii hissəsində Belarusun məşhur bəstəkarı və müğənnisi Qerman Titovun ifasında “Azərbaycan” və “Belarus” adlı mahnılar səsləndirilib. “Qafqaz” rəqs qrupunun ifasında milli rəqs nümunələri və ölkəmizin mədəniyyətini, milli adət-ənənələrini və turizm potensialını özündə əks etdirən videoçarxlar nümayiş olunub.

Tədbirdə ölkəmizin mədəniyyətini, turizm potensialını, eləcə də işğaldan azad olunmuş ərazilərdəki bərpa-quruculuq işlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi, eləcə də Azərbaycan Ticarət Evinin təşkilatçılığı ilə milli məhsullarımızdan ibarət guşə təşkil olunub.

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə