Bakı, 26 may, ARHD.AZ
Azərbaycanın Kubadakı səfirliyinin təşkilatçılığı ilə 28 May –Müstəqillik Günü ilə bağlı paytaxt Havanada rəsmi qəbul keçirilib.
Səfirlikdən ARHD.AZ-a verilən məlumata görə, qəbulda fəxri qonaq qismində Kubanın rabitə naziri Mayra Areviç və xarici işlər nazirinin müavini Anayansi Rodriqez Kamexo ilə yanaşı Kuba Xarici İşlər Nazirliyinin, Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndələri, digər dövlət qurumlarının təmsilçiləri, diplomatik korpusun, elmi-akademik dairələrin və media nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan və Kuba Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Qəbulda çıxış edən ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev qonaqlara 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda qurulması barədə məlumat verib. O, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu cəmi 23 ay kimi qısa zamanda dövlət quruculuğu, milli təhlükəsizliyin təmin edilməsi, ərazi bütövlüyünün möhkəmləndirilməsi kimi sahələrdə əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib.
Səfir 1991-ci ildə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə üzləşdiyi çətinliklər barədə danışıb. R.Rzayev müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın sosial-iqtisadi inkişafı, beynəlxalq səviyyədə nüfuzunun artması və uğurlu xarici siyasətinin həyata keçirilməsi istiqamətində Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin əvəzolunmaz xidmətləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Diplomat çıxışı zamanı Azərbaycan Prezidentinin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini söyləyib. O, bu qərarın Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyi və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzunmüddətli işğalına son qoyan Vətən müharibəsində qələbənin 5 illiyi münasibətilə qəbul edildiyini vurğulayıb.
R.Rzayev Azərbaycanın yekdilliklə 2023-cü ilin dekabr ayında COP29-a ev sahibi ölkə seçildiyini, 2024-cü ildə Bakıda keçirilən konfransda 197 ölkədən 76 min qonağın iştirak etdiyini, tədbirdə 80-dən çox dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərlərinin təmsil olunduğunu bildirib və ölkəmizin COP29-a sədrliyi çərçivəsində əldə etdiyi uğurlar barədə danışıb.
Səfir həmçinin, Azərbaycan-Kuba əlaqələrinə toxunaraq, son dövrlərdə ikitərəfli münasibətlərdə müşahidə olunan müsbət dinamikadan, qarşılıqlı yüksək səviyyəli səfərlərdən danışıb və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb.
Qəbul zamanı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın mədəniyyəti, turizm imkanları, COP29 barədə videoçarxlar nümayiş olunub və qonaqlara milli şirniyyatlar təqdim edilib.