Bakı, 23 may, ARHD.AZ
Mayın 21-dən 23-dək Sankt-Peterburq şəhərində Azərbaycan - Rusiya İşçi Qrupunun Xəzər dənizinin səviyyəsinin enməsi məsələsinə dair ilk iclası, eləcə də XI Neva Beynəlxalq Ekoloji Konqresi çərçivəsində görüş və müzakirələr keçirilib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirlərdə iştirak edib.
Bu barədə ARHD.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 21-də keçirilmiş İşçi Qrupunun iclası 2024-cü ilin dekabrında Bakıda təşkil olunan nazirlərin görüşündə əldə edilmiş razılaşmaların davamı olub. İclasda tərəflər Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı birgə Proqram layihəsini, onun icra mexanizmlərini və növbəti mərhələlər üzrə fəaliyyətləri müzakirə ediblər.
Mayın 22-23-də isə nümayəndə heyəti XI Neva Beynəlxalq Ekoloji Konqresinin sessiyalarında iştirak edib. Konqres çərçivəsində keçirilən müzakirələrdə Xəzər dənizinin səviyyəsinin düşməsi, iqlim dəyişikliklərinə qarşı dayanıqlılığın artırılması və transsərhəd ekoloji əməkdaşlığın inkişafı kimi aktual məsələlər diqqət mərkəzində olub.