Bakı, 15 may, ARHD.AZ
Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rəhbər, eləcə də Hərbi Hava və Hərbi Dəniz İnstitutlarının rəhbər heyətlərinin, müəllimlərinin, "Qərargahın idarə olunması kursu"nun dinləyicilərinin ölkəmizə səfəri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, səfər proqramına uyğun olaraq, qonaqlar Azərbaycan Hərbi Hava Qüvvələrinin “N” hərbi hissəsində olublar.
Türkiyəli nümayəndələrə hərbi hissənin yaranma tarixi, strukturu və Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində fəaliyyəti barədə brifinq təqdim edilib.
Hərbi hissənin silahlanmasında olan bəzi uçuş texnikaları, aviasiya vasitələri qonaqlara əyani olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Türkiyə nümayəndə heyəti hərbi hissənin Təlim və Tədris Mərkəzinə baş çəkib. Burada türkiyəli dinləyicilərə hava hücumundan müdafiə kompleksinin sinif məşq qurğusunda praktiki atış etmələrinə şərait yaradılıb.
Sonra nümayəndələr ölkəmizin Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun Hərb Oyunlar Mərkəzini ziyarət ediblər.
Qonaqlara hərbi təhsil sistemi, universitetdə hərbi təhsil sahəsində aparılan islahatlar, tədris və elmi fəaliyyət sahələri barədə məlumat verilib.
Heydər Əliyev adına Hərbi İnstituta gələn nümayəndə heyətinə hərbi institutun yaranma tarixi, təhsil və tədris prosesi haqqında brifinq təqdim olunub.
Türkiyəli qonaqlar İnstitutun ərazisindəki muzeydə nümayiş etdirilən fotostendlə tanış olublar. Burada Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın yaranması, dövlətçiliyin möhkəmləndirilməsi və ordu quruculuğundakı fəaliyyətini əks etdirən guşələr, həmçinin digər eksponatlar qonaqların marağına səbəb olub.
Plana əsasən, Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsinə gələn nümayəndə heyəti burada dəniz xüsusi təyinatlılarının silah və texniki vasitələri ilə tanış olublar. Qonaqlar dəniz piyadalarının nümunəvi çıxışlarını izləyiblər.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Azərbaycan Hərb Tarixi Muzeyini də ziyarət edib.