Moskva, 15 may, ARHD.AZ
Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqlarda iştirak etmək üçün İstanbula gəlib.
ARHD.AZ Rusiya mediasına istinadla xəbər verir ki, danışıqların aparılacağı İstanbuldakı Prezident ofisinin ərazisində təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Silahlı əsgərlər perimetr boyu növbətçilik edirlər, təhlükəsizlik qüvvələrinin maşınları yaxınlıqda yerləşir, maşınlardan biri su şırnaqları ilə təchiz olunub. Binanın ətrafı jurnalistlər tərəfindən mühasirəyə alınıb. Danışıqların axşamüstü başlayacağı gözlənilir.
Ötən axşam Rusiya Prezidenti Vladimir Putin danışıqlara hazırlıqla bağlı iclas keçirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu iclasda danışıqlar qrupunun üzvlərindən əlavə, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, Rusiya Milli Qvardiyasının rəisi Viktor Zolotov, Baş Qərargah rəisi Valeri Gerasimov, FTX-nin direktoru Aleksandr Bortnikov və Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iştirak ediblər.
Bundan əvvəl Vladimir Putin danışıqlarda iştirak edəcək nümayəndə heyətinin və ekspert qrupunun tərkibini təsdiqləyib. Nümayəndə heyətinin rəhbəri Prezidentin köməkçisi Vladimir Medinski təyin edilib. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Silahlı Qüvvələrin Baş Qərargahı Baş idarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildirlər.
Ekspert qrupunu Baş Qərargahın İnformasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezidentin Humanitar siyasət idarəsinin rəis müavini Yelena Podobreevskaya, Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci Departamentinin direktoru Aleksey Polişuk və Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq Baş idarəsinin rəis müavini Vitali Şevtsov təmsil edirlər.