Bakı, 14 may, ARHD.AZ
Bizim şirkət 2009-cu ildən kənd təsərrüfatı sahəsində əsasən istixana sistemləri ilə məşğuldur. Şirkətimizin fəaliyyəti iki istiqamətə ayrılır. Birincisi, şirkət olaraq özümüz istixana şəraitində tərəvəz məhsullarının yetişdirilməsi ilə məşğul oluruq. İkinci fəaliyyətimiz istixana sistemlərinin quraşdırılması, satışı və qurulandan sonra istixanaların avadanlıqla təchizatıdır.
Bunu ARHD.AZ-a müsahibəsində XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisinin iştirakçılarından biri - “Grow Group Azerbaijan” MMC-nin direktoru Rüfət Məmmədov deyib.
Müsahibimiz bildirib ki, “Grow Group Azerbaijan” ölkədə müasir sistemlərdən istifadə edərək, yüksəkkeyfiyyətli tərəvəz məhsulu istehsal edən üç şirkətdən biridir. “Həmçinin biz Azərbaycan kənd təsərrüfatı məhsulları, istehsalçıları və ixracatçıları Assosiasiyasının əsas təsisçisiyik. İstixanalarımız 22 hektardan ibarətdir. Onun 20 hektarında pomidor növləri, təxminən 2 hektarında çiyələk yetişdiririk.
Əsasən Rusiya, Belarus, Ukrayna, Baltikyanı ölkələr və Ərəb ölkələrinə məhsullar ixrac edirik. Bəzən kiçik sifarişlər əsasında Avropaya da ixracımız olur. İki il əvvəl Niderlanda iki konteyner pomidor göndərmişik. Bu, həm postsovet ölkələrində, həm də Azərbaycanda öz “Dörd fəsil” brendi altında kifayət qədər məşhurlaşıb.
Planlarımız genişdir. Bu ildən yeni layihələrimizi Qarabağda davam etdirməyi planlaşdırırıq.
Digər fəaliyyət istiqamətimiz təchizat və istixanaların qurulmasıdır ki, bu işimizə də paralel başlamışıq.
Şirkətimiz fəaliyyətə başladığı gündən Fransanın “Richel” və Niderlandın “Crova”, “Stolze” kimi nüfuzlu brendləri ilə əməkdaşlıq edərək tam avtomatlaşdırılmış istixanaların satışı, rekonstruksiyası və quraşdırılmasını təklif edir. Bununla yanaşı, dünya markaları olan “Dutch Planting”, “Bato”, “Menno”, “LumiForte” və digər 16-17 şirkətin nümayəndəsi ilə əməkdaşlıq edirik. Təqdim etdiyimiz məhsullar Avropanın ən yüksəkkeyfiyyətli aparıcı şirkətlərinin məhsullarıdır.
Azərbaycanda təxminən 150 hektar istixana qurmuşuq. Azərbaycanla yanaşı, Rusiyada, Qətərdə, Səudiyyə Ərəbistanında, Dubayda, ötən ildən isə Qazaxıstan, Türkmənistan və Özbəkistanda eyni fəaliyyəti genişləndiririk. Yəni müasir istixanalar qurmaqla, onları materiallarla, avadanlıqlarla təchiz edirik”, - deyə Rüfət Məmmədov vurğulayıb.
Şirkət rəhbərinin sözlərinə görə, “Caspian Agro” sərgisində artıq 10-cu ildir ki, bütün tərəfdaşları ilə birgə iştirak edirlər: “Sərgi öncəsi Azərbaycandan olan fermerləri bizim təmsil etdiyimiz şirkətlərin nümayəndələri ilə seminarlara dəvət edirik. Bu seminarları artıq şirkətimizdə təşkil edirik.
Sərgi vaxtı da təmsil etdiyimiz şirkətlərin nümayəndələrini azərbaycanlı fermerlərlə görüşdürürük. Hər hansı texniki sualları varsa, o məsələlərə də aydınlıq gətiririk”.
Rüfət Məmmədov qeyd edib ki, şirkətdə süni intellekt əsaslı tətbiqlərin istifadəsi istiqamətində artıq tərəfdaşlarla danışıqlar aparılır: “Elə bu sərgidəki pavilyonumuzda süni işıqlandırma sisteminin tətbiqini nümayiş etdiririk. Gələcəkdə şirkətimizin digər fəaliyyəti istiqamətində də süni intellektin tətbiqini planlaşdırıq. Artıq avadanlıqlar alınıb, müəyyən işlərin yekunlaşdırılmasını gözləyirik.
Əlbəttə ki, süni intellekt və innovativ həllərlə kənd təsərrüfatı sahəsində fəaliyyətimizi davam etdirəcəyik.
Nəzərə çatdırmaq istəyirik ki, istehsal etdiyimiz məhsullar bütün sertifikatlarla təmin olunur. Bunların hamısı ekoloji təmiz məhsullardır. Hətta deyərdim ki, bizim istehsal etdiyimiz çiyələk ölkədə, bəlkə də regionda bu cür ekoloji təmiz yetişdirilmir. Çünki biz ziyanvericilərə qarşı heç bir kimyəvi maddədən istifadə etmirik. İstehlakçı istixanadan çiyələyi dərib onu təmizləmədən istifadə edə bilər. Ekoloji təmiz məhsul baxımından, biz 10 ildən çoxdur ki, Niderlandın konsultant şirkətləri ilə əməkdaşlıq edirik. Məqsədimiz ekoloji təmiz, keyfiyyətli məhsul istehsal etməkdir”.