
Naxçıvan, 13 may, Nail Əsgərov, ARHD.AZ
Naxçıvan Dövlət Universitetində keçirilən bu görüş sadəcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün önəmlidir. Təsadüfi deyil ki, Avropanın, o cümlədən Macarıstanın dünyaşöhrətli siyasətçisi Şandor Lejak Naxçıvana gəlib. O, sadəcə siyasətçi deyil, eyni zamanda, böyük yazar və dramaturqdur. Lejakın məşhur əsərləri Avropanın bir çox səhnələrində tamaşaya qoyulub.
ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində qonaq olan TÜRKSOY-un Baş katibi Sultan Raev jurnalistlərə müsahibəsində söyləyib.
O qeyd edib ki, Naxçıvanın rolu Türk dünyası üçün çox önəmlidir. Naxçıvan Bəyannaməsinin qəbul olunması ilə Türk Dövlətləri Təşkilatının əsası qoyulub, bu torpaqda türk soylu respublikalar bir araya gəlib. Bu baxımdan Naxçıvan daim Türk dünyasının siyasət qaynağı olacaq.
“Naxçıvan Azərbaycan tarixində, mədəniyyətində böyük rolu olan müqəddəs bir yerdir. Burada dahi insanlar, Azərbaycanın görkəmli şəxsiyyətləri yaşayıb. Heydər Əliyevin də Naxçıvanda dünyaya göz açdığını xüsusi qeyd etməliyəm. O, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının Ümummilli Lideri, Türk dünyasının memarıdır. Bu mənada Heydər Əliyevin məmləkətində olmaq mənim üçün böyük qürurdur”.