Bakı, 7 may, ARHD.AZ


Mayın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən ARHD.AZ-a bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Geniştərkibli görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri, xüsusilə də iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, elm, mədəniyyət, təhsil, turizm üzrə tərəfdaşlıqların perspektivləri, habelə regional və qlobal vəziyyət müzakirə olunub.

Azərbaycan və İraq arasında mövcud olan tarixi dostluq, qardaşlıq münasibətlərinin, xalqlarımız arasındakı mədəni və ənənəvi yaxınlığın əlaqələrimizin inkişafındakı rolundan bəhs edilib. Əməkdaşlığın daha da genişləndirilməsində ali və yüksəksəviyyəli təmas və səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd edilib.

Ceyhun Bayramov iki ölkə arasında mövcud əməkdaşlıq mexanizmlərinin, xüsusilə də iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın və Azərbaycan-İraq Biznes Şurasının önəmlərinə diqqət çəkərək, ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən istifadənin vacibliyini vurğulayıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə, həmçinin çoxtərəfli platformalar çərçivəsində nümayiş olunan dəstəyin davam etdirilməsinin də əhəmiyyəti qeyd olunub.

Humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafından bəhs olunub, İƏT və Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan tələbələr üçün təqaüd proqramları, o cümlədən Heydər Əliyev Beynəlxalq Təhsil Təqaüdü kimi təşəbbüslərin faydalılığı vurğulanıb.

Bugünkü səfər çərçivəsində, həmçinin ADA Universiteti və İraq Respublikasının Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının da təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində əlamətdar hadisə olduğu qeyd edilib.

Görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət, Hindistan-Pakistan gərginliyi, eləcə də postmünaqişə dövründə bölgəmizdə mövcud reallıqlar, ölkəmizin bərpa və yenidənqurma, minatəmizləmə və sülh səylərindən də ətraflı bəhs olunub.

Görüşdə, eyni zamanda, gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nazirlər media nümayəndələrinin iştirakı ilə təşkil olunmuş mətbuat konfransı çərçivəsində görüşün yekunlarına dair bəyanatlarla çıxış ediblər.

Baxış sayı: 8 765

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə