Bakı, 7 may, ARHD.AZ


İsveçrə Konfederasiyasının Cenevrə şəhərində “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında" Bazel Konvensiyasına Tərəflərin 17-ci, “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyasına Tərəflərin 12-ci konfransı işə başlayıb. Azərbaycan Respublikasını beynəlxalq tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri təmsil ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən ARHD.AZ-a bildirilib ki, konfransda konvensiyaların üzv dövlətlərdə icrası ilə bağlı hüquqi, inzibati və idarəetmə məsələləri, milli qanunvericiliyin konvensiyaya uyğunluğu, təhlükəli tullantıların, davamlı üzvi çirkləndiricilərin və kimyəvi maddələrin siyahılarının dəqiqləşdirilməsi, məlumat mübadiləsinin aparılması üzrə mexanizmlərin tətbiqi, konvensiyalar üzrə ayrı-ayrı dövlətlərə texniki dəstəyin göstərilməsi kimi məsələlər müzakirə olunub. Konfransa Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyinin əməkdaşları da qatılıblar.

Konfransda “Davamlı üzvi çirkləndiricilər haqqında" Stokholm Konvensiyasına Tərəflərin 12-ci konfransında beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş kimyəvi maddələrin və pestisidlərin kənd təsərrüfatında tətbiqinin insan və heyvan sağlamlığında ciddi problemlərin yaranmasına, ətraf mühitin çirklənməsinə, ekoloji tarazlığın pozulmasına, məhsullarda qadağan olunmuş zəhərli kimyəvi maddələrin qalıq miqdarının yaranmasına və bunun da öz növbəsində ixrac olunan kənd təsərrüfatı məhsullarının həcminin azalmasına və digər fəsadlara yol açması ilə bağlı məsələlər üzrə çıxışlar dinlənilib və fikir mübadiləsi aparılıb.

"Yüksək riskli, unudulmuş bazarlarda inkişaf üçün kapitalın açılması: Ən həssas təbəqələr üçün şəxsi maliyyələşmənin açılmasında Birləşmiş Millətlər Təşkilatının kapitalın inkişafı fondunun (UNCDF) unikal rolu" mövzusunda UNCDF tərəfindən keçirilmiş Yüksək Səviyyəli Məsləhətləşmələr tədbirində müxtəlif ölkələrin ekologiya və kənd təsərrüfatı üzrə nazir və nazir müavinləri, o cümlədən ətraf mühit və qida təhlükəsizliyi sahəsində digər yüksəksəviyyəli rəsmiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli davamlı üzvi çirkləndiricilərin və kimyəvi maddələrin bütün dünyada insan və heyvan sağlamlığına, eləcə də ətraf mühitə göstərdiyi mənfi təsirinin aradan qaldırılması ilə bağlı ölkəmizin təcrübəsinin az inkişaf etmiş ölkələrlə, xüsusilə Afrika və Asiya ölkələri ilə paylaşılmasına Azərbaycan tərəfinin hazır olduğunu və UNCDF tərəfindən ehtiyacı olan ölkələrə bu istiqamətdə maliyyə və digər əlaqədar dəstəyin göstərməsi ilə üçtərəfli əməkdaşlığın mümkünlüyünü vurğulayıb. Azad Cəfərli az inkişaf etmiş ölkələrin ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasında iştirak etdiklərini xatırladıb, gələcəkdə də Azərbaycanın kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurlu təcrübələrin ehtiyacı olan ölkələrlə paylaşmağa hazır olduğunu diqqətə çatdırıb.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə