Bakı, 5 may, ARHD.AZ



Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq inkişaf edir


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə Milli Müdafiə universitetləri arasında keçiriləcək Yüksək Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan qardaş ölkənin Milli Müdafiə Universitetinin (MMU) rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, xatirələrinə ehtiram nümayiş etdiriblər.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək gül dəstələri düzüblər.

Müdafiə Nazirliyində keçirilən görüşdə nazir qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında mövcud hərbi əməkdaşlığın bütün istiqamətlərdə olduğu kimi hərbi təhsil sahəsində də davam və inkişaf etdirildiyini vurğulayıb.

Professor E.Afyoncu göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Rektor elm və təhsil sahələrində əlaqələrimizin hər iki qardaş ölkə ordularının müasir milli kadr potensialının qüdrətlənməsinə müsbət təsirini diqqətə çatdırıb.

Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qonaqlarla görüşərək keçiriləcək Yüksək Dialoq İclasının hər iki ölkənin hərbi təhsil ocaqlarına qarşılıqlı faydalarından danışıb. Eləcə də ölkələrimiz arasındakı hərbi təhsil sahəsindəki əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilərək inkişaf etdirilməsi üzrə məsələləri müzakirə edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra mövzulara dair geniş fikir mübadiləsi aparılıb.

Baxış sayı: 6 534

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə