
Astana, 30 aprel, ARHD.AZ
Azərbaycan ilə Qazaxıstan arasında mədəni və tarixi qarşılıqlı əlaqələri daha da dərinləşdirmək lazımdır.
Bu barədə ARHD.AZ-a açıqlama verən tarixçi Oljas Berkinbayev Türk dünyasının elmi-mədəni bazasının formalaşmasında mühüm rol oynamış görkəmli türkoloqların xatirəsini birgə səylərlə əbədiləşdirməyi təklif edib.
Berkinbayev əməkdaşlığın gələcək prioritet istiqamətləri sırasında şərqşünaslıq sahəsində birgə elmi tədqiqatların aparılmasını, mədəniyyət sərgilərinin təşkilini, həmçinin Azərbaycan və qazax dillərində ədəbi əsərlərin tərcüməsi və nəşrini qeyd edib.
“Ənənələrin, dilin, tarixin və mədəni irsin ümumiliyi xalqlarımızın daha da yaxınlaşması və türk birliyinin möhkəmlənməsi üçün möhkəm zəmin yaradır”, - deyə Oljas Berkinbayev sözlərini yekunlaşdırıb.
Təhsil sahəsində əməkdaşlıqdan danışan Oljas Berkinbayev Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinin nümayəndə heyətinin bu yaxınlarda Bakıya səfərini xatırladıb. O qeyd edib: “Azərbaycan paytaxtında Qazaxıstanın 20-dən çox universitetinin iştirakı ilə təhsil sərgisi keçirilib. Hesab edirəm ki, belə tədbirlərin mütəmadi olaraq keçirilməsi vacibdir, çünki onlar akademik və mədəni əlaqələrin möhkəmlənməsinə kömək edir”.
Oljas Berkinbayev hər iki ölkənin rəhbərliyinin Qazaxıstan ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına böyük önəm verdiyini vurğulayıb.
“Uzunmüddətli perspektivdə, xüsusən də ali təhsil sahəsində ikitərəfli əməkdaşlığı fəal şəkildə genişləndirmək lazımdır”, -deyə o əlavə edib.