Bakı, 29 aprel, ARHD.AZ
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, səfər çərçivəsində nazir İordaniya Haşimilər Krallığının Təhlükəsizlik və Böhranların İdarə edilməsi üzrə Milli Mərkəzinin sədr müavini briqada generalı Hatem Odeh Al-Zoubi ilə görüşüb.
Kəmaləddin Heydərov ötən ilin noyabrında Bakıda uğurla keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İordaniya Haşimilər Krallığının yüksək səviyyədə təmsil olunmasını və sessiyada fəal iştirakını xatırladıb. O, ölkəmizdə fövqəladə hallarla mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında münasibətlərin inkişaf perspektivləri barədə danışıb. Qeyd olunub ki, xüsusilə qlobal iqlim dəyişikliyi fonunda təbii fəlakətlərin və texnogen qəzaların geniş vüsət aldığı müasir dünyamızda fövqəladə hallarla səmərəli mübarizə məqsədilə qarşılıqlı təcrübə mübadiləsi, ən qabaqcıl texnologiya və yanaşmaların mənimsənilməsi mühüm əhəmiyyət kəsb edir. Bu sahədə Azərbaycan və İordaniyanın fövqəladə hallarla mübarizəyə məsul qurumları arasında əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur.
Görüşdə Hatem Odeh Al-Zoubi Azərbaycan və İordaniya arasında mövcud dostluq və sıx əməkdaşlıq münasibətləri çərçivəsində keçirilən səfər və görüşlərin hər iki ölkənin fövqəladə halların idarə olunmasına cavabdeh qurumları arasında qarşılıqlı faydalı əlaqələrin inkişafına xüsusi təkan verdiyini vurğulayıb. O, təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, İordaniyada təbii və texnogen fövqəladə hadisələrlə mübarizə sahəsində görülən işlərdən danışıb.
“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması mərasimi olub.
Sonra nazir Kəmaləddin Heydərov İordaniya Təhlükəsizlik və Böhranların İdarə edilməsi üzrə Milli Mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.
Kəmaləddin Heydərov səfər çərçivəsində İordaniyanın daxili işlər naziri Mazen Əl-Faraya ilə görüşüb. Görüşdə Azərbaycan və İordaniya dostluq münasibətləri çərçivəsində hər iki ölkənin müvafiq qurumları arasında təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə edilib.
Bundan əlavə, səfər çərçivəsində nazir Kəmaləddin Heydərov İordaniya İctimai Təhlükəsizlik Baş İdarəsinin Mülki Müdafiə İdarəsinin rəisi briqada generalı Mohammad Mahmud Al-Omari ilə də görüşüb. Görüşdə iki ölkənin müvafiq qurumları arasında əlaqələrin perspektivləri, müxtəlif fövqəladə hallarla, o cümlədən meşə yanğınları və daşqınlarla mübarizə məsələləri, iordaniyalı gənclərin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil imkanları geniş müzakirə olunub, təqdimat edilib.