Bakı, 29 aprel, ARHD.AZ
Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə müştərək Komissiyanın Ər-Riyadda keçirilən 8-ci iclası çərçivəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclası keçirilib.
Bu barədə ARHD.AZ-a KOBİA-dan bildirilib.
Məlumata əsasən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları, o cümlədən sənaye, kənd təsərrüfatı, inşaat, əczaçılıq, xidmət, memarlıq və dizayn, logistika, turizm, bərpaolunan enerji kimi sektorlarda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin və biznes assosiasiyaların 30-a yaxın nümayəndəsi iştirak edib.
İclasda Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Alfaleh iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, investisiya qoyuluşu və ixrac imkanları barədə fikirlərini bölüşüblər.
İşgüzar Şuranın həmsədrləri - “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Daxil və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov işgüzar dairələr arasında ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri, Azərbaycanda yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər, İşgüzar Şuranın fəaliyyəti barədə məlumat veriblər.
İclasda işgüzar dairələrin iştirakı ilə ortaq təşəbbüslərin və layihələrin reallaşdırılması, əməkdaşlığın genişləndirilməsi sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının imkanlarından istifadə məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Tədbirdə “ACWA Power” tərəfindən şirkətin həyata keçirdiyi layihələrə dair təqdimat, iş adamları arasında B2B görüşlər də keçirilib. Eyni zamanda, KOBİA-nın təşəbbüsü ilə Azərbaycanın “Parla Pharmaceuticals” və Səudiyyə Ərəbistanının “National Development Group Holding”i arasında əczaçılıq sahəsində Anlaşma Memorandumu, ADO-G (Azərbaycan) və SMI/BLUE MASAR (Səudiyyə Ərəbistanı) arasında isə dənizçilik infrastrukturu üzrə razılaşma sənədi imzalanıb.