
Bakı, 28 aprel, ARHD.AZ
Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə və dayanıqlı inkişaf məqsədləri istiqamətində öz səylərini ortaya qoyub.
ARHD.AZ xəbər verir ki, bu fikri SMACHS Fondunun təsisçisi və baş direktoru, Keniya Respublikası Prezidentinin qızı Charlene Ruto aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.
O bildirib ki, Qlobal Cənubun gücünün artırılması mühümdür. Qarşılaşdığımız çağırışlar bizə ciddi təsir göstərir. “Biz bir məqsəd ətrafında birləşməli, tərəqqiyə çatmaq üçün məsuliyyətimizin fərqində olmalıyıq. Birlikdə müqavimətimizi gücləndirməliyik”, – deyə Charlene Ruto vurğulayıb.
O qeyd edib ki, regionda iqlim dəyişmələri problemi mövcuddur və quraqlıq bir çox sahələrə böyük təsir göstərir. “Biz tədbir görməli, səylərimizi birləşdirməliyik. Kifayət qədər cəsarətli olmalıyıq. Ayrı-ayrı yox, birlikdə hərəkət etməliyik. Qlobal cavab tədbirlərini gücləndirməli, gəncləri və icmalarımızı bu prosesə cəlb etməliyik. Planetimizin gələcəyi bizim səylərimizdən asılıdır”, – deyə o əlavə edib.
Charlene Ruto çıxışında Azərbaycanın Qlobal Cənubu daim təşviq etdiyini və Qlobal Şimalla dialoqun inkişafına töhfə verdiyini də vurğulayıb.