Bakı, 18 aprel, ARHD.AZ
Aprelin 18-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 4 illik fəaliyyətinə dair mətbuat konfransı keçirib.
ARHD.AZ xəbər verir ki, konfransda çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva qurumun fəaliyyət göstərdiyi 4 il ərzində keçirdiyi qrant müsabiqələri üzrə Azərbaycan qeyri-hökumət təşkilatlarından (QHT) daxil olmuş 3 min 965 layihə təklifinə baxıldığını, onlardan 2 min 214-nün maliyyələşdirildiyini diqqətə çatdırıb. Bildirib ki, ötən 4 ildə Agentliyin donorluğu ilə Azərbaycan QHT-ləri 36 ölkədə 80 dəfə beynəlxalq tədbirlərə qatılıb və konfranslar təşkil edib. Azərbaycan QHT-lərinin təşəbbüslərinin dəstəklənməsinə Agentlik tərəfindən, ümumilikdə 22 milyon manata yaxın vəsait ayrılıb.
Agentliyin Azərbaycan Prezidenti İlham Əliyevin fərman və sərəncamlarında məsul olduğu tapşırıqların icrası səviyyəsinə görə, 2022-ci ildə 76 faizlik, 2023-cü ildə 87,5 faizlik, 2024-cü ildə isə 97,3 faizlik nəticə göstərdiyini qeyd edən icraçı direktor Dövlət proqramları və Milli Fəaliyyət planları üzrə qurumun icrasına məsul olduğu tapşırıqların sayının 2022-ci illə müqayisədə 2024-cü ildə 4 dəfə artığını diqqətə çatdırıb.
Aygün Əliyeva vurğulayıb ki, Agentliyə QHT-lərin təqdim etdiyi layihələrin sayında son müsabiqədə rekord qeydə alınıb – ümumilikdə, 915 QHT-nin müraciətinə baxılıb. Layihələrin keyfiyyəti son 2 ildə xeyli yüksəlib, 2023-cü ildə Agentliyin yeni qrant müsabiqəsi qaydalarının müəyyən olunması və yeni elektron xidmətlərin tətbiqi bu sahədə dönüş yaradıb. Qurum fəaliyyətində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması, eyni zamanda, QHT-lərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərin daha əlçatan olması məqsədilə 2023-cü ildən etibarən elektron xidmətlər portalını istifadəyə verib.
Agentliyin informasiya kommunikasiya məsələləri üzrə meneceri Fatimə Əbdüləzimova qeyd edib ki, hazırda Agentliyin elektron xidmətlər portalı çərçivəsində bir neçə vacib proqram təminatı məhsulu fəaliyyət göstərir, QHT-lərlə qrantlara dair bütün sənəd işləri yalnız elektron xidmətlər portalı vasitəsilə aparılır. Qarşıdakı dövrdə elektron portalda plagiat layihələrin daha çevik aşkarlanması, layihələrin icrası dövründə monitorinq və nəzarət tədbirlərinin daha da gücləndirilməsi üçün əlavə funksiyalar işə düşəcək.
Sonra Agentliyin departament müdiri Elnur Bağırlı hesabat dövründə 5 dəfə QHT-lərin İnkişaf və Mübadilə proqramlarının təşkil edildiyini, Mingəçevir, Naftalan, Bakı, Naxçıvan, Şamaxı şəhərlərində keçirilmiş bu proqramları uğurla başa vuran 500-dək QHT-nin sertifikatlarla təltif edildiyini diqqətə çatdırıb. Bu il isə QHT-lərin İnkişaf və Mübadilə Proqramının ilk dəfə Böyük Qayıdışın baş verdiyi azad edilmiş ərazilərdə - Şuşa şəhərində keçirilməsi planlaşdırılır.
Mətbuat konfransında vurğulanıb ki, COP29 dövründə Agentliyin donorluğu ilə Yaşıl Zonada yerli QHT-lər üçün ödənişsiz konfrans zalı fəaliyyətdə olub, COP29 zamanı həmin Milli QHT Pavilyonunda 54 konfrans keçirilib. Bu tədbirlərdə ümumilikdə 2 min 500 nəfərdən çox QHT təmsilçisi iştirak edib ki, onların da 70 faizindən çoxu COP29-da iştirak edən xarici QHT nümayəndələri olub. Bundan başqa, COP29 zamanı Agentliyin xətti ilə QHT-lər üçün 5 beynəlxalq konfrans təşkil edilib. İqlim diplomatiyasına dair Qoşulmama Hərəkatı regionu QHT-lərinin Cənub-Cənub əməkdaşlığı konfransı, Türk Dövlətləri QHT-lərinin forumu, COP28, COP29, COP30 ölkələrinin QHT-lərinin forumu, Xəzər dənizinin ekologiyası mövzusunda forum bu qəbildəndir.
Həmçinin bildirilib ki, COP29 çərçivəsində 2024-cü ilin noyabrında Qoşulmama Hərəkatı regionu QHT-lərinin Cənub-Cənub əməkdaşlığı konfransında iştirak edən xarici QHT-lər müzakirələrin yekununda Qlobal Cənub QHT Platformasının yaradılması barədə razılığa gəliblər. Həmin beynəlxalq tədbirdə Azərbaycan Milli QHT Forumunun bu təşəbbüsünü dəstəkləyən bəyanata 137 ölkədən 1000-dən çox QHT qoşulub. Prosesin ardı olaraq bir neçə gündən sonra – aprelin 28-də Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək.
Diqqətə çatdırılıb ki, Agentlik regional miqyaslı layihələrin də icrasına başlayıb. Bu ilin martında Bakıda İraq, Suriya və Türkiyədən olan türkman QHT-lərinin forumu təşkil olunub. Forum çərçivəsində Qarabağa və Şərqi Zəngəzura da səfər etmiş türkman vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycandan yüksək təəssüratlarla ayrılıblar.
Türk dünyası ilə genişləndirilən fəaliyyətin davamı olaraq qarşıdakı dövrdə Azərbaycan və Özbəkistan QHT-ləri üçün iki qardaş dövlətin ilk dəfə birgə qrant müsabiqəsinin elan olunması gözlənilir, bu istiqamətdə müvafiq iş aparılır.
Sonda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, bu il Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun Xankəndidə keçirilməsi nəzərdə tutulur, azad edilmiş ərazilərdə fəaliyyət gücləndiriləcək.
Mətbuat konfransında son illər Azərbaycan QHT-lərinin cəmiyyətin inkişafına müsbət töhfələrini daha da artırmağa çalışdığı vurğulanıb. Qeyd olunub ki, Agentlik QHT-lərin uğurlu təşəbbüs və layihələrinə bundan sonra da dəstək olacaq.
Toplantıda, həmçinin Agentliyin yeni loqotipi ictimaiyyətə təqdim edilib. Qurumun media məsələləri üzrə meneceri Ülviyyə Qarayeva loqotipin Agentliyin fəaliyyətinin əsas qayəsinə, fəlsəfəsinə uyğun hazırlandığı bildirib, mənasını izah edib.