Milix Yevdayev: Azadlığı əldə saxlamaq üçün bu yolda canını fəda edən hər bir şəhidin xatirəsi əziz tutulmalıdır

Bakı, 26 aprel, ARHD.AZ


“Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 56-cı ildönümü ilə əlaqədar tədbir keçirilir. Bu cür tədbirlər təkcə qəhrəmanlarımızın xatirəsinə ehtiram deyil, eyni zamanda, Azərbaycan cəmiyyətindəki multikultural dəyərlərin və dini dözümlülüyün parlaq təzahürüdür”.

ARHD.AZ xəbər verir ki, bu sözləri “Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayev jurnalistlərə açıqlamasında söyləyib.

O qeyd edib ki, Albert Aqarunovun timsalında bütövlükdə şəhidlərimizin qəhrəmanlığını yad edirik: “Müdriklər deyirlər ki, dünyanın məğlubiyyəti sabahın mövqeyidir. Onlar sabahımız uğrunda şəhid olublar”.

Ulu Öndər Heydər Əliyevin “Azadlıq elə bir nemətdir ki, digər nemətlər onun yanında su qiymətindədir” fikrinə istinad edən M.Yevdayev bildirib ki, azadlığı əldə saxlamaq üçün bu yolda canını fəda edən hər bir şəhidin xatirəsi əziz tutulmalıdır. “Azadlıq ağacı şəhidlərin qanı ilə suvarılır. Bu gün Şəhidlər xiyabanında və Albert Aqarunovun heykəli önündə müxtəlif ölkələrdən olan nümayəndələrin səsləndirdiyi dualar Azərbaycanın dini dözümlülüyünün və tolerantlığının nümunəsidir. Biz Tövrat, siz Quran oxudunuz. Xristian icması isə öz dualarını səsləndirdilər. Bu, Azərbaycanın sivil və multikultural bir dövlət olduğunu sübut edir”, - deyə Yevdayev bildirib.

M.Yevdayev Azərbaycanın tolerantlıq modelinin heç bir süni və ya formal əsas üzərində qurulmadığını, bu dəyərlərin xalqın tarixi və yüksək mədəniyyətindən qaynaqlandığını xüsusi qeyd edib: “Biz bu torpaqda əsrlər boyu Azərbaycan xalqı ilə dostlaşıb, qardaşlaşmışıq. Biz adət-ənənələrimizlə, dinlərimizlə fərqli ola bilərik, lakin biz təkallahlı inanca sahib olan bir bütöv cəmiyyətik”.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə