
Ankara, 21 aprel, ARHD.AZ
Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) hüquqlarının müdafiəsi və tanıdılması işinə əhəmiyyətli töhfə verir.
ARHD.AZ xəbər verir ki, bu fikri ŞKTC Prezidentinin diplomatik məsələlər üzrə xüsusi müşaviri professor Hüseyn İşıksal ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda iştirakla bağlı təəssüratlarını bölüşərkən jurnalistlərə bildirib.
Professor Azərbaycan rəhbərliyinə belə əhəmiyyətli tədbirdə iştirak etmək və Prezident İlham Əliyevə sual ünvanlamaq imkanı verdikləri üçün dərin təşəkkürünü bildirib.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin təşkili sahəsində ciddi uğurlar qazanaraq etibarlı dialoq platformasına çevrilib. “Bunun növbəti bariz nümunəsi də ADA Universitetində keçirilən beynəlxalq forum oldu”, – deyə o, vurğulayıb.
H.İşıksal əlavə edib ki, Azərbaycan Prezidenti öz çıxışı ilə Kipr məsələsinin tarixi və mövcud reallıqları barədə dərin biliklərə malik olduğunu bir daha nümayiş etdirdi.
“Biz bir daha şahidi olduq ki, ŞKTC vətəndaşları öz hüquqları uğrunda mübarizədə tək deyillər. Yanımızda yalnız Türkiyə deyil, Azərbaycan da var. Dünyanın onlarla ölkəsindən gəlmiş ekspertlərin iştirakı ilə bir çox televiziya kanalında canlı yayımlanan tədbirdə Prezident İlham Əliyev Şimali Kiprə dəstəyini qəti şəkildə ifadə etdi”, – deyə xüsusi müşavir bildirib.
Hüseyn İşıksal həmçinin qeyd edib ki, Lefkoşa üçün Şimali Kiprin tanıdılması istiqamətindəki səylərin dost ölkələrin maraqlarına xələl gətirməməsi vacib məsələdir.
“Hazırkı mərhələdə Azərbaycan və digər ölkələrlə iqtisadi, turizm və təhsil sahələrində əlaqələrin hərtərəfli inkişafı xüsusi əhəmiyyət daşıyır”, – deyə professor vurğulayıb.