
Kiyev, 18 aprel, ARHD.AZ
Ukrayna İqtisadiyyat Nazirliyi iqtisadi tərəfdaşlıq haqqında razılaşmaya dair ABŞ ilə imzalanacaq Memorandumun tam mətnini dərc edib. O, Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasını təmin edəcək.
ARHD.AZ bu barədə hökumət portalına istinadla xəbər verir.
Memorandumda deyilir ki, bu sənəd Ukrayna ilə ABŞ arasında investisiya, infrastrukturun modernləşdirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq üçün yeni imkanlar açacaq.
“Bu, Amerika xalqının Ukrayna xalqı ilə birlikdə azad, suveren və təhlükəsiz Ukraynaya sərmayə qoymaq istəyini təsdiqləyir”, -deyə İqtisadiyyat Nazirliyi qeyd edir.
Memorandumun mətninə görə, Vaşinqton və Kiyev Ukraynanın dünyanın üçüncü ən böyük nüvə silahı arsenalından könüllü şəkildə imtina etməklə beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi töhfəni qəbul edir.
Sənəddə, həmçinin qeyd olunur ki, Birləşmiş Ştatlar Ukraynanın Avropa İttifaqına qoşulması ilə bağlı öhdəliklərinə və ya beynəlxalq maliyyə institutları, digər rəsmi kreditorlarla bağlanmış müqavilələrə hörmət edir.
Memorandumda deyilir: “Yəni, sənəd üzərində işləmək Ukraynanın Avropaya inteqrasiya yolunda münaqişələrə səbəb ola bilməz”.
Ukrayna ilə ABŞ arasında razılaşma üzrə danışıqlar aparan qrupların bu il aprelin 26-dək irəliləyişlər barədə hesabat verəcəyi gözlənilir.
Ukrayna Baş nazirinin bərpa üçün investisiya fondunun yaradılmasına dair razılaşmanın şərtləri üzrə texniki müzakirələri başa çatdırmaq məqsədilə gələn həftə Vaşinqtona səfər edəcəyi gözlənilir.