Türkiyəli ekspert: Beynəlxalq hüquq Qərbi Azərbaycana qayıdış haqqını birmənalı olaraq dəstəkləyir

Ankara, 18 aprel, ARHD.AZ



Beynəlxalq hüquq deportasiya edilmiş və zorla qovulmuş insanların öz tarixi torpaqlarına qayıtmaq hüququnu açıq şəkildə tanıyır. Qərbi Azərbaycandan qovulmuş yüz minlərlə azərbaycanlı bu hüquqdan yararlana bilər və istifadə etməlidir.

Bu sözləri Yıldız Texniki Universitetinin Siyasət və beynəlxalq əlaqələr kafedrasının müdiri, professor Mehmet Akif Okur Ankarada ARHD.AZ-a müsahibəsində deyib.

Onun sözlərinə görə, tarix boyu, o cümlədən nisbətən yaxın keçmişdə insanların tarixi yaşayış yerlərinə qayıtması halları olub. “Məsələn, Balkan yarımadasında serb qoşunlarının təhlükəsi ilə evlərini tərk edən bosniyalılar son nəticədə beynəlxalq ictimaiyyətin müdaxiləsi sayəsində öz torpaqlarına qayıdıblar”, - deyə universitet professoru bildirib.

O, müasir beynəlxalq münasibətlər sisteminin formalaşmasından, BMT strukturlarının yaradılmasından əvvəl və sonra dünyanın müxtəlif yerlərində insanların tarixi torpaqlardan qovulması faktlarının qeydə alındığını diqqətə çatdırıb. Professor əlavə edib ki, deportasiya dalğaları ilə üzləşmiş Qərbi Azərbaycanın tarixi əhalisinin taleyi bunun bariz nümunəsidir.

Ekspert vurğulayıb ki, insanların öz tarixi torpaqlarına qayıtmaq hüququ istənilən dövlətin iradəsindən üstündür. “Bu hüquq Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə uyğun olaraq BMT tərəfindən tanınır”, - deyən professor qeyd edib ki, vətəndaşlığın olması faktı Ermənistan hakimiyyətinin deportasiya olunmuş insanları geri qaytarmaqdan imtina etməsi üçün əsas ola bilməz.

Mehmet Akif Okur bildirib ki, Qərbi Azərbaycandan olan insanlar həm fərdi, həm də İcma vasitəsilə öz hüquqlarının bərpasını tələb edə bilərlər. Eyni zamanda, dövlət də deportasiya edilmiş insanların tarixi hüquqlarının bərpası tələblərinə dəstək verə bilər. “Bu məsələ həm BMT Baş Assambleyası səviyyəsində, həm də beynəlxalq məhkəmə orqanları çərçivəsində qaldırıla bilər ki, bu, hüquqları pozulmuş bütün xalqlar üçün nümunəyə və ümid mənbəyinə çevriləcək”, -deyə ekspert qeyd edib.

Professor həm Azərbaycanın, həm də Ermənistanın tərəfdaşı olduğu beynəlxalq sənədlərin mövcudluğuna da diqqət çəkib. O belə bir qənaətini bölüşüb: “Məsələn, həm Bakı, həm də İrəvan BMT-nin İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması Bəyannaməsini və bir sıra digər sənədləri dəstəkləyib. Azərbaycanlılara qarşı cinayətlərin bir hissəsinin bu sənədlərin qəbulundan əvvəl törədildiyi barədə iddialar heç bir çərçivəyə sığmır. Fundamental insan hüquqlarının müddəti yoxdur. Azərbaycanlılar həmin beynəlxalq sənədlərə əsaslanaraq Qərbi Azərbaycan məsələsinin ədalətli həllinə nail ola bilərlər”.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə