Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri müzakirə olunub

Bakı, 14 aprel, ARHD.AZ



Aprelin 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən ARHD.AZ-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub. Ölkəmizin BMT-yə üzv olmasından bəri Təşkilatla aparılan qarşılıqlı faydalı əməkdaşlıq, ölkəmizin BMT-nin fəaliyyətində aktiv iştirakı, Təşkilatın sülhməramlı əməliyyatlarına töhfələrinin təqdirəlayiq olduğu qeyd edilib, bu istiqamətdə perspektivlər nəzərdən keçirilib.

Azərbaycanın ev sahibliyi və sədrliyi ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkilində Təşkilatla olduqca yaxşı qurulmuş əməkdaşlıq məmnunluqla qeyd edilib, sessiya zamanı əldə olunmuş əhəmiyyətli qərarların, o cümlədən Bakı Maliyyə Məqsədinin qəbul olunmasının vacibliyi diqqətə çatdırılıb.

Vətəndaşlarımızın həyat və sağlamlıqlarına, öz yurdlarına ləyaqətli qayıdış prosesinə, habelə ölkəmizin sülh və yenidənqurma səylərinə təhdid törədən mina təhlükəsi ilə mübarizə səylərində, humanitar minatəmizləmə fəaliyyətində əməkdaşlıq və dəstəyin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 8 960

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə