Bakı, 11 aprel, ARHD.AZ
Aprelin 11-də Baş prokuror Kamran Əliyev BMT-nin qanunun aliliyi və təhlükəsizlik məsələləri üzrə Baş katibinin köməkçisi Aleksandr Zuyev ilə görüş keçirib.
Baş prokuror görüş zamanı Azərbaycanla BMT arasında formalaşmış səmərəli tərəfdaşlığı yüksək qiymətləndirib.
Baş Prokurorluğun mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, Kamran Əliyev 2024-cü ilin noyabr ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Bakıda təşkil olunmuş COP29 konfransının böyük uğurla keçirilməsini və onun mühüm nəticələrini vurğulayıb.
Aleksandr Zuyev COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən birgə təşkil olunmuş hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə roluna həsr olunmuş yüksəksəviyyəli plenar iclasın uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə, həmçinin 2025-ci ildə Braziliyanın Belem şəhərində keçiriləcək COP30 Konfransı ilə bağlı hazırlıq prosesi müzakirə olunub, “Troyka” prinsipi əsasında BƏƏ, Azərbaycan və Braziliya arasında əməkdaşlığın davam etdirilməsi və bu çərçivədə hüquq-mühafizə orqanlarının iştirakını təmin edən növbəti yüksəksəviyyəli tədbirin təşkili ilə bağlı məsələlərə toxunulub.
Görüş zamanı tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub, o cümlədən Azərbaycanın prokurorluq əməkdaşlarının BMT-nin müxtəlif institutlarında təlim keçməsi və ezam olunması imkanları da nəzərdən keçirilib.