Bakı, 10 aprel, ARHD.AZ
Azərbaycan Respublikası Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 7-9-da Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 59-cu iclasında iştirak məqsədilə Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfərdə olub.
Baş Prokurorluğun mətbuat xidmətindən ARHD.AZ-a bildirilib ki, iclas çərçivəsində təşkilatın fəaliyyətinin əsas istiqamətlərini əhatə edən məsələlərə baxılıb, BPA-nın İcraiyyə Komitəsinə hazırda fəaliyyət göstərən və vakant olan regionlar üzrə yeni üzvlərin namizədlikləri nəzərdən keçirilib, habelə təşkilatın Nizamnaməsində rəhbər orqanlara seçkilərin keçirilməsi prosedurlarına təklif olunan dəyişikliklər müzakirə edilib. Bununla yanaşı, Assosiasiyanın növbəti illik iclas və regional konfranslarının təşkili ilə bağlı aparılacaq təşkilati işlər ətrafında müzakirələr aparılıb.
Habelə İcraiyyə Komitəsinin iclasında BPA-nın rəhbər vəzifələrinə keçirilmiş səsvermə nəticəsində Assosiasiyanın vitse-prezidenti Baş prokuror Kamran Əliyevin yenidən həmin vəzifəyə 2 il müddətinə, yəni, 2027-ci ilədək seçilməsi tövsiyə edilib.
İcraiyyə Komitəsinin iclasında çıxış edən Baş prokurorunun müavini Heydər Məmmədov tədbir iştirakçılarına Baş prokuror, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyevin salamlarını çatdıraraq ötən il sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçirilmiş BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağının nəticələrinə dair geniş hesabat təqdim edib. Heydər Məmmədov çıxışında Bakı Konfransının uzun müddət planlaşdırılan bir təşəbbüs olduğunu və bu tədbirin reallaşmasında Prezident İlham Əliyevin siyasi dəstəyinin mühüm rol oynadığını vurğulayıb, konfransın uğurlu təşkilində prokurorluq orqanları əməkdaşları ilə yanaşı, bir sıra dövlət qurumları və könüllülərin də fəal iştirak etdiyini bildirib.
Səfər çərçivəsində Heydər Məmmədov BPA-nın Prezidenti, həmçinin Argentina, Braziliya, Birləşmiş Krallıq, Çili, Keniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdə hüquqi əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.