Bakı, 22 iyul, ARHD.AZ
AKTA-nın icraçı direktoru: Dörd il ərzində “Kiber Yay Məktəbi”ndə 10-dan çox ölkə iştirak edib
“Bu gün biz növbəti dəfə “Kiber Yay Məktəbi”nə start verdik. Artıq dördüncü dəfədir ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən təşkil olunan “Kiber Yay Məktəbi”nin məqsədi ölkəmizdə kibertəhlükəsizlik sahəsi üzrə yeni mütəxəssislərin hazırlığı və gələcəkdə onların peşəkar kimi inkişafına dəstək verməkdir. Dörd il ərzində yay məktəbində 10-dan çox ölkə iştirak edib”.
ARHD.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AKTA-nın İcraçı direktoru Rauf Cabbarov deyib. O bildirib ki, bu il Azərbaycan və Türkiyədən olan 130-dan çox tələbə, yeniyetmə, məktəbli yay məktəbində iştirak edir:
“Builki “Kiber Yay Məktəbi”nin xüsusi özəlliyi ondan ibarətdir ki, ilk dəfə kiberklubların nümayəndələrini, tələbələrini dəvət etmişik. Məqsədimiz xoş münasibətlər, tərəfdaşlıq, dostluqların inkişaf etməsidir. Sevinirik ki, onlar bizə qoşulublar və 20-dən çox universitet bu gün “Kiber Yay Məktəbi”ndə iştirak edir. Eyni zamanda, məktəblilər, olimpiada qalibləri xüsusilə şəhid övladları da yay məktəbinin iştirakçıları arasındadırlar. İyulun 26-na qədər davam edəcək məktəbdə iştirakçılara kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə fərqli peşəkarlar, beynəlxalq şirkətlərin mütəxəssisləri tərəfindən dərslər, təlimlər, master-klaslar keçiriləcək, müəyyən simulyasiyalar, “case”lər göstəriləcək. Onlar praktiki olaraq bu sahədə nələr baş verdiyini görəcəklər.
Həftənin sonunda “Capture The Flag” (CTF) adlı real ssenariyə əsaslanan kiberyarış təşkil olunacaq. Kibertəhlükəsizlik üçün həmin unikal yarışda məqsəd qoyulan tapşırıqları, sualları, problemləri qısa müddətdə aradan qaldırmaq, həll etməkdir. CTF yarışında komandalar fərqli universitetlərin, məktəblərin nümayəndələrindən təşkil olunacaqlar. Həmin komandaların üzvləri eyni universiteti, eyni məktəbi təmsil etməyəcəklər. Bizim əsas məqsədimiz universitetlər, məktəblər arasında rəqabət yox, əməkdaşlıq yaratmaq, həmin əməkdaşlıq sayəsində gələcəkdə bütün universitetlərdə informasiya təhlükəsizliyi ixtisasının səviyyəsini qaldırmaqdır. Yarışın son nəticəsinə uyğun qalibləri mükafatlandıracağıq. Bir məqamı da vurğulayım ki, yay məktəbinin sonunda kibertəhlükəsizlik təhsil konfransı keçiriləcək. Orada həmin ixtisasın problemləri, vacib məsələləri müzakirə ediləcək. İnanıram ki, bu həftə hamı üçün səmərəli və əlamətdar olacaq”.






















