Paris, 18 iyun, ARHD.AZ
Azərbaycan UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10-cu sessiyasında iştirak edir
Fransanın Paris şəhərində, UNESCO-nun mənzil qərargahında UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10-cu sessiyası keçirilir.
ARHD.AZ xəbər verir ki, Azərbaycanı bu tədbirdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi ilə yanaşı, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti təmsil edir.
Nazir müavini Səadət Yusifova konfransın açılış sessiyasında çıxış edib. Bu il “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyası”nın 20-ci ildönümünün qeyd edildiyini vurğulayaraq, nazir müavini bu Konvensiyanın mədəniyyət siyasətini gücləndirmək və mədəni özünüifadə formalarına bərabər çıxışı təşviq etmək üçün vacib bir çərçivə olduğunu qeyd edib.
Eyni zamanda, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində mədəni və yaradıcı sənayelərin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. "Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı", "Mədəniyyət və yaradıcı sənayelərin təşviqi üzrə Qrant Proqramı”, eləcə də, “Yaradıcı Mərkəz” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər bu Konvensiyanın ölkəmiz tərəfindən icrasına mühüm töhfə verdiyini qeyd edib.
Son dövr ərzində qəbul edilmiş və mədəni və yaradıcı sənayelərin inkişafına xidmət edən iki vacib qərar, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları və mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növləri, peşələri və xidmətlərinə dair Nazirlər Kabinetinin qərarı barədə məlumat verdi.
Həmçinin öz nitqində nazir müavini Ermənistanın etnik təmizləmə və işğal siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın düşdüyünü, onların öz mədəni məkanlarına əlçatanlıqdan və mədəni özünüifadə hüquqlarından sistemli şəkildə məhrum edildiyini vurğulayaraq, bu hərəkətlərin 2005-ci il Konvensiyasına zidd olduğunu qeyd edib.
Konfrans iyunun 20-dək davam edəcək. Konfrans çərçivəsində 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinə seçkilərin keçirilməsi, 2026–2027-ci illər üçün Hökumətlərarası Komitənin gələcək fəaliyyətini müəyyən edəcək strateji istiqamətlərə və mədəni və yaradıcı sənayelərin inkişafı ilə bağlı görülən işlərə dair müzakirələrin aparılacağı gözlənilir.