
Ankara, 4 iyun, ARHD.AZ
Türkiyədə işsizliyin səviyyəsi son 20 ilin minimum həddinə düşüb
Türkiyədə işsizlik nisbəti 2025-ci ilin birinci rübünə görə 8,2 faiz olub. Bu, son 20 ilin ən aşağı səviyyəsidir.
ARHD.AZ xəbər verir ki, bu barədə Cenevrədə Beynəlxalq Əmək Konfransının 113-cü sessiyasında çıxış edən Türkiyənin əmək və sosial təminat naziri Vedat Işıkhan məlumat verib.
Onun sözlərinə görə, 2022-2025-ci illər ərzində ölkədə 2,5 milyona yaxın yeni iş yeri açılıb ki, bu da hökumətin iqtisadi siyasətinin uğurunun əyani sübutudur.
Nazir, həmçinin sosial harmoniyanın təmin edilməsi, məşğulluğun və istehsal potensialının artırılması məqsədi daşıyan Türkiyənin Milli Məşğulluq Strategiyasının hazırlanması prosesindən danışıb.
V.Işıkhan Türkiyənin yerləşdiyi bölgədəki böhran və qarşıdurmalara xüsusi diqqət yetirib, Ankaranın qonşu Suriyada vəziyyətin sabitləşməsi istiqamətində səylərini qeyd edib.
Türkiyəli nazir, həmçinin Rusiya-Ukrayna münaqişəsinin həllində, o cümlədən Somali ilə Efiopiya arasında ziddiyyətlərin aradan qaldırılmasında Prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçilik səyləri barədə sessiya iştirakçılarına məlumat verib.