
Ankara, 26 aprel, ARHD.AZ
Fransız müstəmləkəçiləri Əlcəzairi tərk edərkən ölkədən üç əsr əvvələ aid olan bütün arxivləri - təkcə 130 illik işğal dövrünə aid olanları deyil, həm də Osmanlı hakimiyyəti dövrünə aid dəlilləri çıxarıblar.
Bu barədə ARHD.AZ-a Ankarada OSTİM Texniki Universitetində “Müstəmləkə cinayətləri” mövzusunda keçirilən konfransın iştirakçısı - Əlcəzair Universitetinin professoru Məhəmməd Dərrac bəhs edib.
Onun sözlərinə görə, Əlcəzair alimləri bu gün də Fransa hakimiyyət orqanları ilə əlaqə saxladıqda, sadəcə əhəmiyyətsiz sənədlər alırlar. “Arxiv sənədlərinə çıxış məhdudlaşdırılıb. Fransızlar onları Əlcəzairə göndərmir. Nəticədə mən də daxil olmaqla, öz ölkəsinin tarixini öyrənmək istəyən hər bir əlcəzairli Fransaya səfər etmək məcburiyyətində qalır. İstədiyinizi əldə edə biləcəyinizə də əmin ola bilməzsiniz”, - deyə M.Dərrac qeyd edib.
Əlcəzairli alim buna misal olaraq Əlcəzair Qurtuluş Müharibəsi ilə bağlı arxivləri göstərib: “Əlcəzair 60 ildir ki, müstəqil dövlətdir, lakin biz hələ də qurtuluş mübarizəsi dövrünə aid arxivləri tam öyrənə bilmirik”.
Ümumilikdə Əlcəzairdəki vəziyyətə toxunan M.Dərrac bildirib ki, 130 illik Fransa müstəmləkəçiliyinin fəsadları həyatın bir çox sahələrində hiss olunur. “Əlcəzairdə güclü fransız lobbisi var. Universitetlərdəki texniki ixtisasların əksəriyyəti, bəzi qiyabi kurslar, o cümlədən hökumət səviyyəsində olan kurslar fransız dilində tədris olunur. Nəticə olaraq universitet məzunları gələcəklərini Fransa ilə bağlamağa başlayırlar. Bu, Fransa şirkətləri ilə iqtisadi əlaqələrin prioritet olduğu biznes mühitinə də aiddir”, - deyə o bildirib.
Əlcəzair Universitetinin professoru Fransada hüquqları dəfələrlə pozulan 5 milyon əlcəzairlinin olmasına da diqqət çəkib.
Bundan əlavə, o, Əlcəzair ilə Fransa arasında uzunmüddətli sazişlər amilinə toxunub. “Əlcəzair hökuməti hazırda bu razılaşmaları uzatmayaraq, Çin, Türkiyə və digər ölkələr kimi “alternativlərə” əl atmaqla vəziyyətdən çıxmağa çalışır. Daha bir addım isə Əlcəzair hökumətinin təhsil müəssisələrində ingilis dilini icbari tədris proqramına daxil etmək qərarı oldu. Bütün bunlar yaxın 10 ildə Fransanın Əlcəzairdəki nüfuzunun azalacağına müəyyən ümidlər verir”, - deyə M.Dərrac fikrini yekunlaşdırıb.