
Bakı, 25 aprel, ARHD.AZ
Hindistanın Daxili İşlər Nazirliyi (DİN) ştatların rəhbərlərini bütün Pakistan vətəndaşlarını öz vətənlərinə deportasiya etməyə çağırıb
ARHD.AZ xəbər verir ki, ANI agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb.
"Hindistanın daxili işlər naziri Amit Şah bütün ştatların baş nazirlərini ərazilərində olan Pakistan vətəndaşlarını müəyyən edərək tezliklə ölkələrinə qaytarılmasını təmin etmək üçün tədbir görməyə çağırıb”, - deyə agentlik bildirib.
Bir müddət öncə NDTV telekanalının yaydığı məlumata görə, Hindistan-Pakistan sərhəd postlarında kiçik çaplı silahlardan istifadə edilməklə atışmalar qeydə alınıb.
Regionda vəziyyət Cammu və Kəşmir bölgəsinin Pahalqam şəhəri yaxınlığında 26 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra gərginləşib. Hücuma görə məsuliyyəti “Ləşkər-e-Taiba” təşkilatı ilə bağlılığı olan “Müqavimət Cəbhəsi” qruplaşması üzərinə götürüb.
Hadisədən sonra Hindistanın Baş naziri Narendra Modinin sədrliyi ilə Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsinin təcili iclası çağırılıb. Dehli Hindistan və Pakistandakı səfirliklərin işçilərinin sayını 55-dən 30-a endirmək, İnda suları üzrə müqaviləni dayandırmaq və Vaqah-Attaridə fəaliyyət göstərən yeganə quru sərhəd-keçid məntəqəsini bağlamaq qərarına gəlib.