
Paris, 11 aprel, ARHD.AZ
Fransada “Notre-Dame de Betharram” katolik məktəbində şagirdlərə qarşı törədilmiş cinsi və fiziki zorakılıq aktları ilə bağlı iş daha da dərinləşir.
ARHD.AZ xəbər verir ki, bu ölkənin Baş nazir Fransua Bayru sözügedən məsələ ilə bağlı Milli Assambleyanın məktəblərdə zorakılıqları araşdıran komissiyası tərəfindən dinləniləcək. Eyni zamanda, komissiya milli təhsil naziri Elizabet Born, ədliyyə naziri Jeral Darmanin və sabiq nazirlər – Nikol Bellube, Jan-Mişel Blanke, Pap Ndiaye və Seqolen Ruayalı may ayında dindirəcək.
Xatırladaq ki, Baş nazir fevral ayında öz uşaqlarının da təhsil aldığı “Notre-Dame de Betharram” məktəbində törədilmiş zorakılıq aktlarından xəbərsiz olduğunu deyib. Ancaq bəzi şahidlər məsələ ilə bağlı ona məlumat verdiklərini bildiriblər. İstintaq komissiyasının iki məruzəçisindən biri, deputat Pol Bannye söyləyib ki, 1998-ci ildə sözügedən məktəbdə qeydə alınan cinsi zorakılığa dair məsələni araşdırarkən Fransua Bayru işə müdaxilə edib. “Fransua Bayru yalan danışır. O, həmişə bu məsələni təkzib edib”, - deyə deputat diqqətə çatdırıb.
Hazırda Po Şəhər Prokurorluğunda sözügedən məktəbdə baş vermiş zorakılıqlarla bağlı yüzdən çox şikayət araşdırılır. Baş nazir Fransua Bayrunun onilliklər boyu cinsi və fiziki zorakılıqlara göz yumduğu aşkarlanıb.