Prezident İlham Əliyev Nyu-Yorkda “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in təsisçisi, sədri və baş icraçı direktoru Bayo Oqunlesi ilə görüşü olub.

“ARHD.AZ” xəbər verir ki, görüşdə infrastruktur sahəsində beynəlxalq tərəfdaşlıq imkanları və bu sahəyə yönələn birgə investisiyaların regional iqtisadi əlaqələrin genişləndirilməsində rolu müzakirə edilib.

Prezident İlham Əliyev 2024-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında qurulan uğurlu tərəfdaşlığı vurğulayaraq, xüsusilə İtaliyanın aparıcı sürətli dəmir yolu operatoru “Italo”ya yatırılan birgə sərmayəni səmərəli əməkdaşlığın nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı, həmçinin şirkətin hava limanlarının idarə olunması, enerji keçidi və süni intellekt infrastrukturu kimi sahələrdə təcrübəsinin gələcək əməkdaşlıq üçün böyük imkanlar açdığını dedi.

Adebayo Oqunlesi Azərbaycanın strateji coğrafi mövqeyinin və dayanıqlı inkişaf prioritetlərinin infrastruktur sahəsində uzunmüddətli investisiyalar üçün mühüm imkanlar yaratdığını vurğuladı. O, rəhbərlik etdiyi şirkətin enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirdi.

Qeyd edək ki, “Global Infrastructure Partners” şirkəti 2006-cı ildə ABŞ-da təsis edilib. Hazırda təxminən 170 milyard ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətin Nyu-York, London, Sinqapur, Sidney və digər qlobal maliyyə mərkəzlərində ofisləri fəaliyyət göstərir. “Global Infrastructure Partners”in nəzarət etdiyi bərpaolunan enerji sahəsindəki şirkət ABŞ-da bu sahədə aparıcı şirkətlərdən biridir.

Baxış sayı: 7 658

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə