Bakı, 10 iyul, ARHD.AZ



bp-dən Azərbaycan milli mətbuatının 150 illiyinə töhfə


bp Azərbaycanda həyata keçirdiyi sosial sərmayə fəaliyyətləri çərçivəsində daha bir mühüm mədəni irs layihəsinə dəstək verib.

ARHD.AZ xəbər verir ki, layihə çərçivəsində bp XX əsrin əvvəllərində Azərbaycanın intellektual və ədəbi həyatının formalaşmasında mühüm rol oynamış nüfuzlu nəşr olan “Dirilik” jurnalının bütün saylarının transliterasiya edilmiş variantının çapını maliyyələşdirib.

Bütövlükdə layihə “Dirilik” jurnalının orijinal mətnlərinin əski əlifbadan (ərəb) Azərbaycan dilinin müasir əlifbasına transliterasiya etməklə həmin dəyərli yazıların bu günün oxucularına, tədqiqatçılarına və gələcək nəsillərə əlçatan olmasını təmin etmək məqsədi daşıyır. Bu təşəbbüs bp-nin Azərbaycanın zəngin mədəni irsini və tarixini təbliğ etmək öhdəliyinin bir hissəsidir.

Təqdimat mərasimində bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, akademik Nizami Cəfərov, Milli Məclisin üzvü Ceyhun Məmmədov, tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir, ümumilikdə, 28 sayı işıq üzü görmüş “Dirilik” məcmuəsinin Azərbaycanda milli kimlik və maarifçilik ideyalarının daşıyıcısı kimi rolundan, “Neftimizin Avropaya uzun yolu” kitabının Azərbaycanın neft tarixinin öyrənilməsində əhəmiyyətindən danışıblar.

Müəllif Müsəllim Həsənov Azərbaycan neftinin dünya bazarına çıxarılması tarixindən bəhs edən kitabın ərsəyə gəlməsi üçün aparılan axtarışlardan, bu mövzuda əldə olunan unikal arxiv sənədlərindən söhbət açıb. Qeyd edib ki, “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunan kitabın birinci hissəsi XIX əsrin ikinci yarısından XX əsrin 90-cı illərinə qədər Bakı neftinin tranziti ilə bağlı görülən işlərdən, aparılan müzakirələrdən bəhs edir. İkinci hissədə isə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra neft müqaviləsi ətrafında gedən gərgin danışıqlardan söhbət açılır.

Kitab Bakı, Moskva və Peterburq arxivlərində qorunan unikal nadir sənədləri və dövri mətbuat materialları əsasında yazılıb.

“Bu nəşri maliyyələşdirməkdən çox məmnunuq, çünki bu, Azərbaycanın mədəni və intellektual irsinin qorunmasına və təbliğinə mühüm töhfədir. Bu tarixi mətnlərin müasir oxucular üçün yenidən canlandırılmasına yönəlmiş səyləri dəstəkləməkdən qürur duyuruq.

Jurnalın ilk buraxılışında baş redaktor Əliabbas Müznibin oxucuları tarixdən dərs almağa və milli özünüdərk və maarifləndirmə yolu ilə həm fiziki, həm də mənəvi diriliyi mənimsəməyə çağırdığı “Məqsədlərimiz” adlı redaksiya məqaləsi dərc olunmuşdu. Jurnalın şüarı olan “Mətbuatın sözü əsrin sözü olmalıdır” ifadəsi isə onun maarifləndirici və ruhlandırıcı missiyasını əks etdirirdi. Ümid edirik ki, biz Azərbaycanın erkən dövr mətbuatının parlaq nümunələrinin transliterasiyasını dəstəkləməklə bu missiyanı indi də qürurla davam etdirən Azərbaycanın milli mətbuatının 150 illik yubileyinə töhfə vermiş oluruq”, - deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli açıqlamasında qeyd edib.

İlkin olaraq, 1914–1916-cı illərdə nəşr edilən “Dirilik” jurnalı Azərbaycan publisisti, yazıçısı və siyasi xadimi Mirzə Bala Məhəmmədzadə tərəfindən “Türk dünyasının ədəbi, ictimai və siyasi jurnalı” kimi xarakterizə olunub. Jurnalda ictimai və siyasi hadisələrə, ədəbiyyata, mədəniyyətə və tarixə dair məqalələr dərc olunur, milli birliyin, mədəni tərəqqinin və milli kimliyin təbliğinə xüsusi önəm verilirdi.

“Dirilik” jurnalında Məhəmməd Əmin Rəsulzadə, İsmayıl bəy Qaspıralı, Cəfər Cabbarlı, Əliağa Vahid və digər tanınmış Azərbaycan ziyalılarının, yazıçı və şairlərin əsərləri dərc olunub. Bu jurnal öz dövrünün ən mühüm ədəbi və ideoloji mərkəzlərindən biri kimi tanınır.

Layihə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən həyata keçirilib.

bp bu toplunun nəşr xərclərini qarşılamaq üçün 25 min manat (14 min 700 dollar) vəsait ayırıb.

Baxış sayı: 5 570

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə