
Naxçıvan, 4 iyun, ARHD.AZ
Muxtar respublikanın iqtisadiyyat naziri: Kənd təsərrüfatı dayanıqlı iqtisadi inkişafın vacib komponentidir
Kənd təsərrüfatı təkcə ərzaq təminatının əsası deyil, həm də dayanıqlı iqtisadi inkişafın vacib komponentidir. Bu məqsədlə 2024-cü ildə muxtar respublikada kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə banklar və kredit təşkilatları tərəfindən kredit ayrılması həyata keçirilib.
ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev NDU-da keçirilən “Orqanik və Dayanıqlı Kənd Təsərrüfatı: Ekoloji tarazlıq və davamlı inkişaf” mövzusunda I Respublika Elmi Konfransında çıxışı zamanı səsləndirib.
Nazir qeyd edib ki, 2023–2024-cü illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı yönümlü 63 layihə, 2025-ci ilin ötən dövründə isə 48 layihə güzəştli şərtlərlə maliyyələşdirilib.
Naxçıvanın təbii şəraiti və torpaq resursları müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün əlverişlidir. Muxtar respublika həmçinin çərəz məhsulları ilə də tanınır. Eyni zamanda orqanik heyvan məhsullarına da bazarda tələbat mövcuddur. İtburnu, kəklikotu və digərləri də orqanik məhsul kimi potensiala malikdir.
Yerli xammaldan istifadə edən qablaşdırma müəssisələri iqtisadi artıma və ekoloji tarazlığa töhfə verir.
"Kənd təsərrüfatında davamlılıq üçün infrastruktur – xüsusilə soyuducu anbarlar və istixana komplekslərinin mövcudluğu vacibdir. Ötən dövrdə bu istiqamətdə də güzəştli maliyyələşmə davam etdirilib", - deyə nazir əlavə edib.