Heydər Əliyevin milli iqtisadiyyat konsepsiyasında sahibkarlıq

Ümummilli Lider Heydər Əliyevin iqtisadi strategiyasının uğurla reallaşması nəticəsində Azərbaycanda sahibkarlığın iqtisadi inkişafda rolu dəfələrlə artıb. Dəstək mexanizmləri və müasir yanaşmaların tətbiqi biznes mühitinin rəqabət qabiliyyətini və dayanıqlılığını təmin edib.

ARHD.AZ xəbər verir ki, bu il dövlət başçısının müvafiq Sərəncamı ilə ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Konstitusiyada Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilir. Bu məqam Ümummilli Lider Heydər Əliyevin milli dövlət quruculuğu strategiyasında əsas məsələlərdəndir. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtmış Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkədə sabitlik təmin edilib və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaranıb. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk Konstitusiyamız ölkədə qanunvericilik və institusional islahatların əsasını təşkil edib. Konstitusiya digər vacib məsələlərlə yanaşı, iqtisadi inkişafın, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin təmin edilməsi kimi önəmli məqsədlərin həyata keçirilməsi üçün mühüm qanunverici baza rolunu oynayıb. Ali Qanunun “İqtisadi inkişaf və dövlət” adlanan 15-ci maddəsində qeyd olunur ki, Azərbaycanda iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir: “Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”. Bu müddəalar azad bazar iqtisadiyyatının və özəl sektorun suverenlik və sosial rifahın təmin edilməsində nə qədər önəmli olduğunu aydın şəkildə ifadə edir. Bu məqamı dövlət quruculuğunda daim nəzərə alan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ilk vaxtlardan başlayaraq ölkə iqtisadiyyatında sistemli islahatlara start verilib. Qısa müddət ərzində Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitlik təmin edilib, xarici iqtisadi əlaqələr inkişaf etdirilib və yeni dövr sahibkarlığının əsası qoyulub.

Güclü özəl sektor - iqtisadi tərəqqinin əsas drayverlərindən biri

Güclü özəl sektoru iqtisadi tərəqqinin əsas drayverlərindən biri hesab edən Heydər Əliyev ölkədə sahibkarlığın formalaşmasına daim böyük diqqət və qayğı göstərib. 2002-ci ilin aprel-may aylarında Ulu Öndərin yerli və xarici iş adamları ilə görüşləri biznes fəaliyyətinin müasir tələblərə uyğun inkişafında böyük əhəmiyyət kəsb edir. Ümummilli Liderin sahibkarlarla birbaşa ünsiyyəti, onlarla fikir mübadiləsi, problemlərini dinləməsi ölkədə özəl sektorun yeni keyfiyyət mərhələsinə qədəm qoymasından xəbər verirdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2016-cı il tarixli Sərəncamına əsasən Ulu Öndərin sahibkarlarla keçirilmiş görüşlərinin özəl sektorun inkişafında mühüm tarixi əhəmiyyəti, iqtisadiyyatda sahibkarların artan rolu nəzərə alınmaqla hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir.

Heydər Əliyev biznes təmsilçilərinin problemlərinin qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verdi. Bu yanaşma iqtisadi qüdrətin artırılmasında sahibkarların önəmli roluna inamın göstəricisi idi. Görüşlərin nəticəsi olaraq imzalanan "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” 2002-ci il 10 sentyabr tarixli, "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 28 sentyabr tarixli fərmanlar biznes fəaliyyətinin genişlənməsinə yeni imkanlar açıb. Ulu Öndərin təşəbbüsü ilə qəbul olunmuş dövlət proqramları kiçik və orta sahibkarlığın inkişafını əsas iqtisadi vektorlardan birinə çevirib. Biznes təmsilçilərinə maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşıb, vergi yükü azaldılıb, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilib, özəl bölməyə dövlət nəzarəti əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradılıb.

Beləliklə, Heydər Əliyev tərəfindən gerçəkləşdirilən iqtisadi strategiya nəticəsində azad bazar münasibətləri geniş vüsət alıb, bölgələrdəki biznes və fermerləri də əhatə edən hərtərəfli iqtisadi islahatlar aparılıb, optimal özəlləşdirmə proqramları həyata keçirildi, bütün ölkə üzrə milli sahibkarlar sinfi formalaşıb.

Sahibkarlığın inkişafı üçün əlverişli imkanlar

Bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğur və yeni nailiyyətlərlə davam etdirilir. Azərbaycan iqtisadiyyatı mühüm inkişaf mərhələsinə qədəm qoyub. Son 5 ildə qeyri-neft-qaz sektoru real olaraq 25,9 faiz, qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər isə 1,5 dəfə artıb. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-aprel aylarında 21 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Ölkədə biznes fəaliyyətinin genişlənməsi iqtisadi artıma, müəssisələrin, iş yerlərinin yaradılmasına yeni imkanlar açır. Bununla innovasiyaların və son texnoloji yeniliklərin daha çox tətbiqi imkanları yaranır, rəqabət qabiliyyəti artır, sosial rifah daha yüksək səviyyədə təmin olunur.

Dövlət daim müxtəlif platformalarla sahibkarları dəstəkləyir. Bunun üçün ölkəmizdə institusional dəstək mexanizmləri, müvafiq alətlər tətbiq edilir. Həmçinin normativ-hüquqi bazanın yenilənməsi, yeni sahələr və texnologiyalara uyğun qanunvericiliyin hazırlanması və tətbiqi biznesin arzuolunan inkişafına münbit şərait yaradır. Bizneslərin rəqəmsallaşmasına dəstək məqsədilə innovasiyalar, e-platformalar və rəqəmsal xidmətlər təqdim olunur.

Müasir tələblərə uyğun biznes fəaliyyəti üçün maarifləndirmə proqramları, innovativ biznes modelləri, rəqəmsal texnologiyalar və hüquqi tələblər üzrə mütəmadi təlimlər təşkil olunur. Biznesin inkişafı üçün maliyyə dəstəyi və güzəştli kreditlər təqdim edilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən kiçik və orta biznesin iqtisadiyyatda rolunun, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, dövlət xidmətlərinə rahat çıxışının təmin edilməsi istiqamətində müxtəlif dəstək mexanizmləri həyata keçirilir. Bir sıra şəhər və rayonlarda sahibkarlara yerində xidmət göstərən “KOB dostu” ofislərinin, biznes biliklərinin artırılmasına dəstək olan KOB inkişaf mərkəzlərinin, sahibkarlara vahid məkanda dövlət və özəl xidmətlərin göstərildiyi “KOB evləri”nin fəaliyyəti, KOB-lara təhsil, elm, tədqiqat və dəstək sahələrində qrantın verilməsi, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılmasına, ticarət şəbəkələrinə və sərgilərə çıxışa dəstək mexanizmləri buna misal ola bilər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO tərəfindən beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dəstək və s. tədbirlər ixracın artımını stimullaşdırır. Biznes təmsilçilərinin istehsal etdiyi məhsulların dünya bazarlarına ixracı təşviq edilir. Bu sahədə fəaliyyət qeyri-neft-qaz ixracı sahəsində coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin şaxələnməsi üzrə də uğurlu nəticələrin əldə olunmasına münbit şərait yaradır.

Ötən il Sahibkarlığın İnkişafı Fondu (Azərbaycan Biznesinin İnkişafı Fondu) tərəfindən güzəştli kreditlə təmin edilən sahibkarlıq subyektlərinin sayı 2023-cü illə müqayisədə 74,7 faiz artaraq 5722-yə çatıb. Verilmiş kredit məbləği isə 28 faiz artaraq 248,1 milyon manat təşkil edib.

Sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr həyata keçirən sahibkarların fəaliyyətinin genişləndirilməsi üçün SİF ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında “Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsi keçirilib. Müsabiqə çərçivəsində 2024-cü ildə Sahibkarlığın İnkişafı Fondunun (Azərbaycan Biznesinin İnkişafı Fondu) vəsaiti hesabına 311 layihəyə 67 milyon manata yaxın kredit verilib.

Sənaye zonalarında sahibkarlar üçün dövlət tərəfindən infrastruktur yaradılıb və stimullar tətbiq edilir. 2021-2024-cü illər ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində və ölkənin müxtəlif bölgələrində olan sənaye zonalarında investisiya portfeli 1 milyard manata yaxın olan 94 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Həmin dövrdə 29 müəssisə fəaliyyətə başlayıb.

İZİA-nın idarəçiliyində olan sənaye zonalarında fəaliyyət göstərən müəssisələrdə istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac olunur.

Ölkənin qeyri-neft sektoruna kapital investisiyalarının yatırılması istiqamətində fəaliyyət göstərən Azərbaycan İnvestisiya Şirkəti (Azərbaycan Biznesinin İnkişafı Fondu) dayanıqlı inkişafa xidmət edən layihələrin həyata keçirilməsi yönündə aktiv fəaliyyət göstərir. 2020-2024-cü illərdə AİŞ-in vəsaitlərinin yatırıldığı layihələrin ümumi dəyəri 1,7 milyard manata çatıb. Bundan başqa, 476 milyon manat məbləğində birbaşa xarici investisiya cəlb edilib. Bu investisiyalar 23 layihənin həyata keçirilməsinə, o cümlədən 19 yeni istehsal müəssisəsinin tikintisinə yönəldilib.

İqtisadi şaxələnmə və sərmayə cəlb edilməsi üçün önəmli olan Ələt Azad İqtisadi Zonası da mərhələli şəkildə investorların istifadəsinə verilir. Əlverişli şərait, təklif olunan güzəştlər Ələt Azad İqtisadi Zonasına marağı artırır.

Azad olunmuş ərazilərimizdə biznes fürsətləri

Ali Baş Komandan, dövlət başçısı İlham Əliyevin dahiyanə strategiyası, Şanlı Ordumuzun şücaəti sayəsində ölkəmizin suverenliyi tam bərpa olunub və azad edilmiş ərazilərdə sürətli reinteqrasiya prosesi gedir. Həmin bölgədə sahibkarlar biznes üçün yaradılmış imkanlardan yararlanırlar. Təkcə ötən il “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanətinin verilməsinə başlanılıb. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kredit müddətinin yarısından çox olmamaqla 36 aya qədər güzəşt müddəti tətbiq edilir. Bu mexanizmlə maliyyələşdirilən layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrini əhatə edib.

Sözügedən layihələr Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərərək iqtisadiyyata töhfə verirlər. Bununla yanaşı, həmin mexanizmə müraciətlərin operativ qəbul edilməsi məqsədilə "Elektron kredit və zəmanət” informasiya sistemi sahibkarların istifadəsinə verilib. Sahibkarlar heç bir kredit təşkilatına getmədən elektron informasiya sistemi vasitəsilə müraciətlərini ünvanlamaq imkanına sahibdirlər. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı, güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Ötən il ərzində bu ərazilərdə icra olunan layihələrə ümumilikdə 8,1 milyon manat güzəştli kredit verilib.

Bir neçə ildir yaradılmasına baxmayaraq, Ağdam Sənaye Parkı rezident sayına görə ölkədəki sənaye parkları arasında ikincidir. Artıq burada istehsal olunan məhsullar yerli bazara çıxarılmaqla yanaşı, xaricə də ixrac olunur. Vacib nəqliyyat qovşaqlarının üzərində yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da sahibkarlara yeni fürsətlər təqdim edir. Bölgədə fəaliyyət göstərən müəssisələr üçün əlverişli investisiya mühiti yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad edilib. Regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət (gəlir), torpaq, əmlak və sadələşdirilmiş vergidən də azad olunub.

Dövlət başçısının işğaldan azad edilmiş ərazilərlə bağlı iqtisadi inkişaf kursunda həmin regionun yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən hesab olunur. Bölgədə bu istiqamətdə önəmli layihələr həyata keçirilir.

Özəl sektorun inkişafı məqsədilə uğurlu beynəlxalq əməkdaşlıq

Dövlət-özəl tərəfdaşlığı vacib istiqamətlərdən birinə çevrilib. Bu sahədə biznes təşəbbüslərinin artırılması rentabelli və innovativ layihələrin reallaşdırılmasında önəmli rol oynaya bilər. Bu müstəvidə artıq dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı layihəsi ilə bağlı işlər görülür. Həmçinin bu kontekstdə beynəlxalq şirkətlərlə əməkdaşlıq məqsədyönlü olaraq inkişaf etdirilir.

Ölkəmiz beynəlxalq maliyyə institutları və tərəfdaşlarla əməkdaşlıq çərçivəsində də sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta biznesin dəstəklənməsi istiqamətində mühüm işlər görür. Dünya Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər tərəfdaşların texniki və maliyyə dəstəyi nəticəsində bir sıra proqram və layihələr həyata keçirilir. Bununla yanaşı, Azərbaycanın dünya ölkələri ilə xarici iqtisadi-ticarət əlaqələrinin genişlənməsi, bir sıra ölkələrlə bu istiqamətdə əldə olunan razılaşmalar, imzalanan sənədlər biznes nümayəndələrimizin dünya üfüqlərinə uğurlu çıxışı yönündə əlavə imkanlar açır.

Qeyd edilənlər ölkəmizdə azad sahibkarlığın, biznes fəaliyyətinin qabaqcıl dünya təcrübəsinə uyğun inkişafı imkanlarını bariz nümayiş etdirir. Bu tədbirlər biznes mühitinin şəffaflığını, rəqabət qabiliyyətini və dayanıqlılığını artırır, müasir yanaşmalar və texnoloji həllərin tətbiqi səmərəli və rəqabət qabiliyyətli sahibkarlığı stimullaşdırır.

Baxış sayı: 9 382

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə