Bakı, 27 may, ARHD.AZ
Bütün cəhdlərə, beynəlxalq çağırışlara və maarifləndirmə işlərinə baxmayaraq, islamofobiya daha da dərinləşir. Nəticələri isə təkcə müsəlman cəmiyyətləri üçün deyil, ümumilikdə dünya üçün olduqca təhlükəlidir.
ARHD.AZ xəbər verir ki, bunu Beynəlxalq Müsəlman Alimləri İttifaqının vitse-prezidenti Abdelmacid Najar “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Avropa antimüsəlman qanunvericiliyinin institutlaşması: Radikallaşma fonunda yayılan islamofobik ritorika” mövzusunda plenar iclasda deyib.
O qeyd edib ki, əsas problem İslama qarşı qərəzli şəkildə yayılan məlumatsızlıqdır. İslam dininə dair düzgün və obyektiv bilgilərin olmaması, onu tanımayan insanlar arasında qorxu və nifrət yaradır. Bu boşluqdan isə bəzi dairələr məqsədli şəkildə istifadə edərək cəmiyyətdə İslama qarşı mənfi obraz formalaşdırmağa çalışırlar.
“Bununla belə, Avropada sevindirici bir tendensiyanı da müşahidə edirik - İslamı qəbul edənlərin sayı artır. Bu isə, təəssüf ki, bəzi dairələrdə qorxu və aqressiyanın artmasına səbəb olur. Nəticədə, mediada, siyasətdə və hətta qanunvericilikdə islamofobik yanaşmalar öz əksini tapmağa başlayır”, - deyə Abdelmacid Najar bildirib.
Onun sözlərinə görə, Fransa nümunəsində bu tendensiyanın qanunlara necə sirayət etdiyi açıq şəkildə görünür. Bəzi qanun maddələri artıq dini inanca qarşı yönəlmiş şəkildə qəbul olunur. Fransada islamofobiya, sözün əsl mənasında, “qanuni geyim” geyinmiş vəziyyətdədir. Bu isə insan haqları, azadlıq və bərabərlik prinsiplərinə ziddir.
“Bu səbəbdən, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan kimi dövlətlərin bu məsələdə ortaya qoyduğu mövqe olduqca dəyərlidir. Biz bu nümunədən öyrənməli, islamofobiyaya qarşı həm hüquqi, həm də maarifləndirici sahədə daha sistemli mübarizə aparmalıyıq.
Bu gün mən buradan Azərbaycan Hökumətinə dərin təşəkkürümü bildirmək istəyirəm. Çünki Azərbaycan dövləti dini tolerantlıq, qarşılıqlı hörmət və mədəni müxtəlifliyin qorunub saxlanılması sahəsində mühüm addımlar atır. İslamofobiyanın bütün dünyada artmaqda olduğu bir dövrdə belə bir dövlət siyasəti, sözün əsl mənasında, nümunəvidir”, - deyə Beynəlxalq Müsəlman Alimləri İttifaqının vitse-prezidenti əlavə edib.